“Lakin bugünkü qiymət keyfiyyətin nə vəziyyətdə olduğunu göstərir”
Qida Təhlükəsizliyi Agentliyi (AQTA-) dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib. Agentlik tərəfindən 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama aparıb.
Proses zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.Qurumdan verilən xəbərə görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirləri davam etdirilir.
Dönərxanalarda olan antisanitar vəziyyət və verilən ətin mənşəyinin məlum olmaması əhali tərəfindən narahatlıq doğurur. Sosial şəbəkələrdə bu hal mütəmadi müzakirə mövzusuna çevrilir.
AQTA-nın çox quru məlumat yaydığını deyən Azad İstehlakçılar Birliyinin(AİB) Sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki,Agentliyin reydləri dəryada bir damla da deyil:
"AQTA bu yoxlamaları kütləvi informasiya vasitələrinin və əhalinin dəstəyi ilə aparmalıdır.Agentliyin çatışmayan cəhətlərindən biri də ictimaiyyətlə işləyə bilməməsi və özünü dominamt kimi qələmə verməsidir. Bakıda təxminən 15 minə yaxın dönərxana var. Hələ səkkiz il bundan əvvəl dönərxanalar üçün standartlar hazırlanıb.Təəsüf ki, bu standartlara əməl edilmir. Hansı dönərxanaya getsək, görərik ki, orda saxta kağızlar asılıb və bişirilən dönərə adiyyəti yoxdur. Ölkə də cəmi iki müəssisə məlumdur ki, orada təmiz və gigyenik dönər ətləri hazırlanır.
Orta hesabla təmiz ətdən hazırlanan dönərin qiyməti 4- 4.50 AZN təşkil edir. Lakin bugünkü qiymət keyfiyyətin nə vəziyyətdə olduğunu göstərir."