Hər insanın orqanı fərqlidir

Dərman preparatları yalnız həkim təyinatı ilə satılmalıdır

"Bəlkə birinin qara ciyərində, böyrəklərində, mədəsində problem var, amma bundan xəbərsizdi. Özbaşına qəbul edilən hər hansı dərman preparatı vəziyyəti daha da ağırlaşdıracaq"

  Azərbaycanda yalnız həkim resepti olmadan satışına icazə verilən dərman vasitələrinin reklamına icazə var. Amma bu o anlama gəlmir ki, bu dərmanları kim harada və necə gəldi reklam edə bilər. Həmin vasitələr reklam edilərkən, yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək olmaz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək də qadağandır. Bundan əlavə, fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, dərmanın müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində təqdim etməyə icazə verilmir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri barədə reklam isə yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər. Ölkəmizdə dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə də icazə verilmir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri bildirib ki, qanunun tələblərini pozmamaq üçün sahibkarlar həkim resepti olmadan buraxılan dərman vasitələrini açıq məkanda reklam etməzdən əvvəl agentlikdən icazə almalıdırlar. Bu halda həmin reklamın məzmununa müvafiq nəzarət olunur, bununla da qanunvericiliyin tələbləri yerinə yetirilir. Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində dərman vasitələrinin reklamı ilə yanaşı, tibbi təyinatlı texnikanın və məmulatların, eyni zamanda tibbi xidmətlərin reklamından bəhs edilir.

  Fəlsəfə doktoru, terapevt Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında bildirdi ki, açıq satışda olan dərman vasitələrinin reklamına ciddi nəzarət edilməlidir: 

- Ümumiyyətlə, bu, dünyada qəbul edilmiş qaydadır ki, heç bir dərman preparatı həkim resepti, həkim təyinatı olmadan satılmır. Avropada da belədir, Türkiyədə də.  Bizim “adi” saydığımız baş ağrısı üçün də dərmanlar reseptsiz satılmır. Amma bizdə necədi? Kim nə qədər istəyir, “Nemisil” preparatı alır, suya qatır içir. Bu cür dərman vasitələri qısa müddətə ağrıkəsici təsir göstərir, baş ağrısının əsl səbəbi isə bilinmir. Beləcə insanlar hansısa xəstəlik barədə çox gec xəbər tutur və sağalma mərhələsi də uzun çəkir, fəsadlar yaranır. Aptekdən yalnız xaricə qəbul üçün hansısa müalicəvi preparat almaq olar. Məsələn, müxtəlif sürtkü maddələri, yuyucu vasitələr, kremlər. Dərman preparatı hesab edilməyən vasitələr. Dərman preparatları yalnız həkim təyinatı ilə satılmalıdır. Çünki həkim dərmanları xəstəliyin kliniki gedişatına uyğun təyin edir. Burda xəstəliyin tarixçəsi, hazırkı vəziyyəti, başqa hər hansı xroniki xəstəliyinin olub-olmaması, pasiyentin yaş həddi, hətta çəkisi də nəzərə alınır. Bir də görürsən kimsə aptekdən kalsium dərmanı alıb qəbul edir. Soruşursan, niyə bu dərmanı içirsən, deyir, ayaqlarımda ağrı var, sümüklər üçündü, filankəsə həkim yazıb, məndə də eyni problemlərdir, ona görə qəbul edirəm. Halbuki, hər bir insanın orqanizmi fərdidir. Həkim pasiyenti müayinə etdikdən sonra, eyni simptomlarla müraciət etmiş şəxslərə də fərqli müalicələr təyin edə bilər. 

Çünki hər bir orqanizm individualdır. Birinə yaxşı təsir göstərən dərman digərində ağır fəsadlar yarada bilər. Bəlkə birinin qara ciyərində, böyrəklərində, mədəsində problem var, amma bundan xəbərsizdi. Özbaşına qəbul edilən hər hansı dərman preparatı isə vəziyyətini daha da ağırlaşdıracaq. Apteklərdə də əczaçılar çox zaman alıcılara müxtəlif dərman preparatlarını məsləhət görürlər. Həkimin təyin etdiyi vasitələr qalır kənarda, aptek öz malını satmağa çalışır.  Qarşındakı insanın sağlamlıq vəziyyətini bilmədən ona hansısa dərman vasitəsini məsləhət görmək kökündən yanlışdır. Bu, satışdakı dərman vasitələrinin aşkar surətdə reklamıdır. Televiziya verilişlərində, verilişlər arası reklam fasilələrində də dərman preparatlarının reklamı yolverilməzdir. Çünki insanlar reklama aldanır və gördükləri, haqqında danışılan preparatı almağa cəhd edirlər. Və böyük səhvə yol verirlər.   TV proqramlarda ümumiyyətlə heç bir dərman preparatının adı çəkilməməli, reklam olunmamalıdır. Proqrama dəvət olunan həkim hansısa xəstəlik və onun müalicəsi barədə məlumat verməlidir.  Dərman vasitəsindən danışsa, gərək hərtərəfli izah etsin, buna da efir vaxtı çatmaz.

  Ş.Namazlı qeyd etdi ki, xüsusilə xanımların apteklərdə satışa çıxarılan arıqlama vasitələrini alması təhlükəlidir: 

- Hazırda arıqlamaq üçün hər cür preparatlar reklam edilir. Sayı-hesabı da yoxdur. Xanımlarımız da bunları alır, qəbul edir və təəssüf ki, çox zaman ağır nəticələrlə üzləşirlər. Mədə-bağırsaq pozğunluğu, endokrinoloji tarazlığın pozulması yaranır. Həkim təyinatı olmadan qəbul edilən həblər mədədə qanaxma da yarada bilər. İnsanın xəbəri olmaz, daxili qanaxmadan həyatını itirər. Bir sözlə, hər bir məhsulu reklam etmək olar, dərmanlardan savayı. Səhvən qəbul edilən dərmanlar həyat üçün böyük təhlükədir.