Dərsə gedən uşaqların səhər yeməyi şərtdir

Türk mütəxəssis valideynlərə tövsiyələrini verir

  Dərslərin başlamasına az vaxt qalır. Uzun yay tətilindən sonra məktəbə hazırlaşan balalar sərt qrafiklə üzləşəcək. Səhər tezdən durmaq, yorucu dərs saatları, repetitor hazırlığı, əlavə məşğələlər... Yorğunluğun qarşısını necə almaq olar? Türkiyəli həkim, qida və dieta mütəxəssisi Başak İnsel Aydın “Milliyet.com”a məktəblilərin sağlam qidalanmasının tərifini verib. Mütəxəssis bildirib ki, araşdırmalara görə, səhər qidalanmadan məktəbə gedən uşaqlar dərsdə fikrini cəmləməkdə, keçilən dərsi qavramaqda çətinlik çəkir.

Ona görə də səhər yeməyini gözardı etmək qətiyyən olmaz. Sağlam qidalanma təkcə fiziki yox, zehni inkişafın da açarıdır. Bəs necə edək ki, uşaqlar səhər yeməyini sevsinlər və ona həvəs göstərsinlər? Mütəxəssisin məsləhətləri bunlardır. İlk növbədə valideynlər səhər yeməyini uşaqlar üçün maraqlı təşkil etməyə can atmalıdır. Məsələn, kalorili qida sayılan yumurtanı hər dəfə eyni cür bişirib uşağın önünə qoysanız, əlbəttə bezəcək və yemək istəməyəcək. Halbuki, yumurtanı əyləncəli şəklə salmaq mümkündür. 

Analar yumurtanı günəşə bənzədə bilər. Bişmiş yumurtanın ətrafına göyərti düzməklə, güllü-çiçəkli bağça ortaya çıxar. Səhər yeməyində süd, təzə meyvə şirəsi, yumurta, pendir, zeytun, çörək və şirin çay mütləq olmalıdır. Şirin çay tezsorulan qlükoza olduğu üçün qısa zamanda uşağı gümrahlaşdıracaq, əzginlik aradan qaldırılacaq. Səhər yeməyi maraqlı, cəlbedici olsun deyə, tərkibində süd, pendir, yumurta olan müxtəlif kökələr, rulet və kekslər bişirmək olar. Uşağınızın məktəb çantasına nahar qoyacaqsınızsa, çalışın, çəkidə yüngül, kaloridə üstün olan qida və ərzaqlar olsun. Məsələn, quru meyvələr, çərəzlər. Fındıq, qoz, badam, quru meyvələrdən ərik, əncir qurusu, kişmiş.

 Meyvələrdənsə alma ən uyğun qidadır.  Bunlar enerji dəyəri yüksək qidalardır. Maye qəbulunu da yaddan çıxarmayın. Övladınızın su qabı mütləq olsun. Saf su, yaxud kəmşirin meyvə suyu, kompot da ola bilər. Mütəxəssis məsləhət görür ki, evdə qidanın hazırlanmasına övladlar da cəlb edilməlidir. Bu, onlar üçün maraqlı olacaq, üstəlik, sağlam qidaları tanıyacaqlar. Evdə uşaqların iştirakı ilə birgə yemək hazırlayarkən marketlərdə satılan hazır qida məhsulları tərcih edilməməlidir. B.İ.Aydının 9 məsləhəti isə budur:  1. Günə mütləq səhər yeməyi ilə başlamaq. 

2. Nahar vaxtlarını təxirə salmamaq. 
3. Şəkər və süni şəkərli qidalardan uzaq durmaq. 
4. Çox yağlı, duzlu qidalar qəbul etməmək. 
5. Qızardılmış yeməklər yeməmək. 
6. Meyvə suyu əvəzinə meyvənin özünü tərcih etmək. 
7. Gün ərzində bol su içmək (orqanizm tələb etdiyi qədər). 
8. Proteinlə zəngin qidalar qəbul etmək. 
9. “Omega-3” yağı üçün cəviz və balıq (dəniz məhsulları) yemək.