Kişilər qadınlardan daha tez qocalır

Alimlər bu nəticəyə gəlib ki, bədən-kütlə indeksi də yaşlanmaya təsir edir

“Kişilər qadınlara nisbətən daha çox çəkiyə malikdir, kökəlməyə meyllidir, bu da yaşlanmanı sürətləndirir”

Alimlər kişilərin qadınlardan bioloji olaraq daha sürətlə qocaldığı reallığını ortaya qoyub. “NTV.com.tr”də yer alan məlumatda bildirilir ki, elmi araşdırmalar 50 yaşlı kişilərin eyni yaşda olan qadınlardan ən azı 4 yaş “böyük olduğunu” müəyyənləşdirib. 

Finlandiyada aparılmış araşdırma kişilərlə qadınlar arasındakı yaş fərqinin 20 yaşdan sonra hiss edilməyə başladığını müəyyən edib.  Haqqında “The Journals of Gerontology: Series A” adlı elmi dərgidə yayımlanan elmi tədqiqat çərçivəsində minlərlə könüllünün xronoloji yaş həddi bioloji yaşlarıyla qarşılaşdırılıb.

Eyni zamanda könüllülərin DNA məlumatlarına bağlı orqanizmin yaşlanma sürətini müəyyən edə bilən testlərdən istifadə edilib. Tədqiqat zamanı 2 min 240 nəfərin bioloji yaş həddi təqib edilib. Qruplar 2 hissəyə ayrılıb: 21-42 yaş arası və 50-76 yaş arası. İnsanların xronoloji yaşı ilə bioloji yaş hədləri arasındakı fərqi bilmək üçün 4 fərqli epigenik saat istifadə edilib. Epigenetika biologiyada DNA quruluşundakı dəyişikliklərdən qaynaqlanan, eyni zamanda irsi gen ifadəsi dəyişikliklərini incələyən elm sahəsidir. 

Epigenetik saat ilə yaş həddi genlər boyunca müəyyən bölgələrdə DNA metilyasiya vəziyyəti öyrənilir. Tədqiqat aparan alimlər hansı faktorların orqanizmdə yaşlanmanı sürətləndirə biləcəyini də araşdırıblar. 

Məsələn, təhsil illəri nə qədər olub, insan siqaret çəkəndirmi, içkiyə meyllidirmi, idmanla məşğul olurmu, həyat tərzi necədir və sair. Nəticələr bütün qruplar üzrə kişilərin qadınlardan daha sürətlə yaşlandığını göstərib. 

Alimlər bu nəticəyə gəlib ki, bədən-kütlə indeksi də yaşlanmaya təsir edir. Kişilər qadınlara nisbətən daha çox çəkiyə malikdir, kökəlməyə meyllidir, bu da yaşlanmanı sürətləndirir. 

Həmçinin qadınların kişilərə nisbətən daha gənc qalmasının bir səbəbi də onların kişilərdən fərqli olaraq xüsusi bir hormona – estrogen hormonuna sahib olmasıdır. Məhz bu hormon sayəsində qadınlar daha gec qocalır.