Pediatr: Azyaşlı uşaqlara dərman vermək yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir

İsmayıllı sakini olan 3 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə yanvarın 27-də qeydə alınıb. İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Ş.T. yaşadığı evdə dərmandan zəhərlənib. Azyaşlı Göyçay rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı uşaq orada ölüb


Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, istənilən dərman zəhərlənmə verə bilər:

“Yəni uşaqlarda dərmanlar yaşına və çəkisinə görə təyin olunur. Normal dozada verilən dərmandan zəhərlənmə heç vaxt ola bilməz. 3 yaşlı uşaqlara dərman vermək çox diqqət tələb edən bir məsələdir və yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir. Uşaqlara veriləcək dərmanlar, onların yaşına və sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Ev şəraitində valideynlər ancaq qızdırma düşürücü verə bilər. Qızdırma salan dərman da düzgün seçilməlidir. Yəni  kiminsə uşağında da eyni problem olub, filan dərmanı işlədib kimi yanaşmalar düzgün deyil. Uşaqlara müalicəni ancaq həkim yazmalıdır. Uşaqlara dərman verərkən ən vacib şey, diqqətli və məsuliyyətli olmaqdır. Həkim məsləhəti olmadan heç bir dərmanı tətbiq etməmək ən doğru yanaşmadır”.