Ölkədə dərman qıtlığı yaranıb


Problem nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə

"Məsələ ondadır ki, ölkənin dərman bazarının 96 faiz idxaldan asılı olması vəziyyəti daha da çətinləşdirir"

  Bəzi dərman preparatlarının satışda olmaması narazılıq yaradıb. Bu məsələ hətta Milli Məclisdə də qaldırılıb. Millət vəkili Rüfət Quliyev parlamentin iclası  başlayandan bir neçə həkim ona məlumat göndərib: “Bir aydan çoxdur ki,  “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Digər tərəfdən, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”. 

  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.

  Milli Məclisdə qaldırılan problemə reaksiya verən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) Mərkəz tərəfindən dövlət qeydiyyatına alınıb. Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Və bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Bu dərmanları ölkəyə özəl şirkətlər gətirir".
  Adrenalin tərkibli dərmanların ardınca apteklərdə "Nurofen"  (xüsusilə uşaqlar üçün olan) dərmanı da qəhətə çıxıb. Sosial şəbəkə istifadəçiləri “Nurofen”in tapılmadığını yazıb. 

  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspenziya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub: "Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq". Mərkəz eyni zamanda qeyd edib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir: “Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik”. Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s. ölkələrdən dərman vasitələri idxal olunur.

  Yaranmış problemlə bağlı “Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli adıçəkilən dərman preparatlarının qıtlığının Rusiya-Ukrayna müharibəsiylə əlaqəli olmadığını dedi: 

- Bəli, dərman preparatlarının ölkəyə gətirilməsində problem yaşanır, logistika məsələləri çətinləşib. Lakin bu, nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə.  Ukrayna dərman preparatlarının ixracından 8 aydır kənardadır. SN isə dərman gətirən deyil. Yaranmış problem, məncə, dərman preparatlarının idxalı ilə məşğul olan şirkətlərlə daha çox bağlıdır. Əsas məsələ də dərmanların qiymətidir. Hazırda dərmanları əvvəlki - köhnə qiymətlərlə ölkəyə gətirmək idxalçı şirkətlərə sərf etmir.  Onlar gözləyir ki, Tarif Şurası məsələyə baxsın, qiymətlərdə dəyişiklik edilsin, yeni qiymətlərlə idxala başlasınlar. Problem idxalçı şirkətlərlə bağlıdır.  

  N.Cəfərli qeyd etdi ki, ölkənin dərman bazarının 96 faiz idxaldan asılı olması vəziyyəti daha da çətinləşdirir:

 - Ölkədə tibbi ləvazimatların istehsal həcmi cəmi 4 faizdir. Bu da gündəlik istifadə olunan pambıq, tibbi maska, tibbi spirt kimi gündəlik istifadə edilən bir-iki tibbi ləvazimatdır. Ölkədə dərman istehsalı sıfır həddindədir deyə, idxaldan asılılıq çox böyükdür və nəticədə gördüyümüz kimi bu cür ciddi problemlər yaranır. 

  Qeyd edək ki, pediatr Vaqif Qarayev də dərman preparatlarının qıtlığı məsələsinə toxunub: “Son günlər yodla bağlı da ajiotaj var. Tapılmır. Adrenalin adlı preparat da tapılmır. Təkcə bunlar yox, xroniki xəstələrin illərlə qəbul etdiyi preparatlar ya tapılmır, ya da baha qiymətə satılır. Dünyanın əksər ölkələri Azərbaycana dərman ixrac edir, əksəriyyəti də keyfiyyətsiz. Hətta Argentina da. Argentina Messi ixrac edə bilər, onun dərmanla nə işi var?!. Özümüz dərman istehsalına başlamasaq problemlər qaçılmaz olacaq. Pandemiya, müharibə dərman ixracına çox pis təsir edir. Ona görə özümüz istehsal etməliyik!