Pediatr üsyan etdi

Tələbələrin, şagirdlərin ömrü qısalır

“Bir yandan dərs yükü uşaqların belini büküb, bir yandan da məktəbli çantaları”

  Bakıda 8-ci sinif şagirdi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayon 4 mömrəli tam orta məktəbin şagirdi Abduləzimli Dəniz dünyasını dəyişib. Azyaşlının uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. Ötən gün isə Oğuz rayonunun Çaldaş kənd tam orta məktəbində dərs zamanı 11-ci sinif şagirdi Zarina Əhməd qızı Əzizovanın qəflətən halı pisləşib. Məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məktəbli qızın ölümü barədə danışan Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov hadisənin gənclərin “Çağırışaqədərki hazırlığı” dərsi zamanı baş verdiyini bildirib:

 “Zarina çox sakit, tərbiyəli, bir az da özünəqapalı qız idi, onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”. Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdilər, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”. Z.Əzizovanın atası da gənc yaşlarında qəflətən dünyasını dəyişib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Zarinanın qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”. Kənd bələdiyyəsindən bildirilib ki, məktəblinin ölümü ilə bağlı hazırda hüquq-mühafizə orqanında ekspertiza aparılır. 

  Şagird ölümləri, təbii ki, ağrılı mövzudur. Bir neçə gün öncə pediatr Vaqif Qarayev tədris ilinin gedişatı, dərs yükünün ağırlığıyla bağlı valideynlərə müraciət edərək ehtiyatlı olmalarını tövsiyə etmişdi: 

- Hər il oktyabr və may aylarında valideynlərin məktəbli uşaqlarla bağlı şikayətləri çoxalır. 14 yaşı var, arterial təzyiqi yüksəkdi, gündüz 1-də dərsdən gəlir, sonra gedir hazırlıqlara, axşam 7-8-də evə qayıdır, sonra gecə 2-3-ə kimi dərs hazırlayır, səhər 7-də də oyanır...  Tanış mənzərədi? Məncə, hə! Əksər ailələrdə belədir.  Müəllimlər sertifikasiyadan keçirilir. Kimin üçün yoxlayırsız müəllimləri? Əgər uşaq başqa müəllimin yanına gedirsə, imtahan nəyə lazımdı?! Siz Allah, "repetitor bütün ölkələrdə var", nağılı ilə bizi ələ salmayın. Hansı ölkədə repetitor yanına belə kütləvi axın var? Hələ ibtidai sinif şagirdlərinin hazırlıq kurslarından danışmıram. Hansı ölkədə uşaq məktəbdə “bismillah” eləməmiş hazırlığa gedir?! Təhsil sağlamlığın hesabına olmamalıdır! Uşaq sağlam olmalıdır ki, yaxşı oxusun! Zavallı valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da belə!
  Şagird ölümlərinin mümkün səbəbləri barədə “Şərq”ə danışan həkim qeyd etdi ki, səbəblər çoxdur: 
- Məktəblinin ölümünə səbəb olan amillər mütləq vardır. Bunu dəfələrlə demişəm, bir daha təkrarlayıram ki, tədris sağlamlıq hesabına olmamalıdır. Tədris çox ağırdır. Bir yandan dərs yükü uşaqların belini büküb, bir yandan da məktəbli çantaları. Uşaqların dərslərini hazırlayıb bitirməsinə zaman çatmır e... Məktəbli çantasının ağırlığına baxın. Valideyn güclə daşıyır, uşaq necə daşısın onu?!. Bu qədər yükləmək olmaz uşaqları. Anlamaq istəmirlər ki, təhsilin keyfiyyəti dərs yükünün ağırlığıyla olacaq iş deyil. Belə tədris olmaz. 

Belə oxumaq olmaz. Uşaqların boş vaxtları ümumiyyətlə qalmır. Uşaq oyunlara, istirahətə, heç yeməyə də vaxt ayıra bilmir. Hamı ayaqüstü,tələm-tələsik yeyir. Məktəbə qaça-qaça gedirlər, məktəbdən evə “sürünə-sürünə”. Məktəbdən qayıdan uşaqların sifətinə baxın, necə də yorğun, bitkin görünürlər. Hara gedirik bununla, uşaqlarımızı hara aparırıq. Bütün bunlar uşaqların sağlamlığına ciddi ziyan vurur. Uşaq normal yuxu yatmalıdır. Normal qidalanmalıdır. İstirahət etməli, həyətdə, küçədə oynamalı, dərsdən əlavə, digər məşğələlərdə iştirak etməlidir. Yalnız məktəb proqramı ilə məhdudlaşmaq olmaz. Uşağın mahnı oxumaq, rəqs etmək, rəsm çəkmək, kinoya baxmaq, qaçmaq, atlanıb-düşmək də təbii haqqıdır. İndiki uşaqlar bunlardan məhrum qalıb, çünki məktəb onları o qədər yükləyir ki, əlavə nəyəsə nə vaxtları qalır, nə həvəsləri. Beyin yorulur. Yorğunluğun özü də orqanizmdə ciddi fəsadlar törədir. Qan dövranını pozur. Ürəyin normal ritminə mənfi təsir edir. Daim valideynlərə məsləhət görürük ki, uşaqları təbii qidalara alışdırsınlar, süni qidalardan uzaq dursunlar. Süni qidalar uşağın mədə-bağırsaq sistemini pozur.

  Pediatr qeyd etdi ki, məktəblilərin təhlükəsizliyi və sağlamlığı baxımından hər bir məktəblinin tibbi vərəsəsi olmalı və məktəbin tibbi otağında saxlanmalıdır: 

- Məktəblərdə hər bir şagirdin xüsusi tibbi vərəqəsi olmalıdır. Orada şagirdin səhhəti barədə, hansı xəstəliyi keçirib və ya hansı xəstəliyi var, hamısı qeyd edilməlidir. Bəlkə şagirdin elə bir xəstəliyi var ki, ona idman hərəkətləri etmək, qaçmaq olmaz? Bunu məktəb rəhbərliyi, müəllimlər bilməli və buna uyğun davranmalıdırlar. Orta məktəblərdə tibbi xidmət lazımi səviyyədə deyil. Bu da önəmli məsələdir. Amma valideynin övladının xəstəliyini, səhhət problemlərini gizlətməsi də bir dərddir, valideynin övladının xəstəliyindən xəbərsiz olması da başqa bir dərddir. Hər yaşın özünün tibbi müayinə müddəti var. 1 yaşa qədər uşaqlar hər ay tibbi müayinədən keçirilməlidir. Sonra müayinə müddəti arasındakı fasilə yavaş-yavaş uzanır. Əvvəlcə 3 aydan bir, sonra 6 aydan bir və nəhayət, ildə 1 dəfə müayinə. Profilaktika baxımından tibbi müayinə vacibdir. Əgər konkret xəstəlik varsa, artıq söhbət müalicədən gedəcək. Ən qınanılası budur ki, valideyn övladını həkim müayinəsinə aparmır. Uşağı apar həkimə, bilinsin ki, nəyi var, nəyi yox. Bəzən maddi imkanı səbəb gətirirlər, amma bu, sadəcə bəhanədir. Poliklinikada heç bir həkim uşağın müayinəsinə görə pul tələb etməz. Uşaqları vaxtlı-vaxtında mütləq həkim müayinəsindən keçirmək lazımdır.