Təkcə telefonlar yox, kompüter və televizorlar da insanlar arasında onurğa əyriliyinin artmasına səbəb olur
Fəqərələrarası disk yırtığı, radikulopatiya, miofassal sindrom, beldə digər ağrı və problemlər telefon və planşetlərdən müntəzəm istifadə nəticəsində ola bilər.
İdman həkimi Aleksandra Çistyakova əlindən telefonu buraxmayan insanlarda spesifik poza yarandığını və bunun fəsadlarını açıqlayıb: “Tibdə buna SMART qamət deyilir. Boyun aşağı əyilir, əzələlər gərginləşir, çiyinlər yığılır, əl dirsək və biləkdən daim qatlanmış vəziyyətdə olur. Telefon boyundan xeyli aşağıdadır və insan üzünü telefona sarı aşağı yaxınlaşdırır.
Getdikcə bu qamət bir çox nevroloji pozulmalara gətirib çıxarır. Bunlardan biri Karpal tunel sindromudur - əl, bilək, barmaqlarda hərəkət məhdudiyyəti, sinir sıxılması, keyimə, ağrı.
Digər problem boyun ostexondrozu, yırtığıdır. Telefona əyilmiş boyun onurğaya təzyiqi artırır, bu da ümumi kürəkdə ağrılara səbəb olur.
Ağırlaşma kimi lümbaqo, işias, yırtıq ola bilər.
Onurğa, qamət əyilməsi xroniki baş ağrısı, boyun qurumasına səbəb olur. Onurğa əyildikcə daxili orqanlara da basqı artır, yerdəyişmə olur”
Fizioterapevt Sənan Cəfərovun sözlərinə görə, təkcə telefonlar yox, kompüter və televizorlar da insanlar arasında onurğa əyriliyinin artmasına səbəb olur.
Heç şübhəsiz, insanlar arasında telefondan istifadə faizinin yüksəlməsi onurğa sütunu xəstəliklərini artırıb: “Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil, qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır.
Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütununun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu, onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna «ağır skolioz» deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır”.
Onun sözlərinə görə, insanlar telefondan istifadə edərkən bədənlərini əyirlər:
"Boyun aşağı sallanmış vəziyyətdə telefonda saatlarla oyun oynayırlar. Bu da onurğada böyük problemlərə gətirib çıxarır. Sinir sıxılmaları, baş ağrıları özünü göstərir. Bundan başqa telefon radiasiya da yaradır. Ona görə də telefonla çox danışmaq məsləhət görülmür. Nə qədər imkan varsa, o qədər az danışmaq lazımdır. Hətta telefon olmasa, çox gözəl olar".
Həkim bildirib ki, mobil telefonların olmadığı dövrdə insanlarda indiki kimi onurğa xəstəlikləri olmayıb. Hazırda isə bu xəstəliklə bağlı müraciət edənlərin sayı çoxalıb:
"Onurğa problemi ilə bağlı müraciət edən xəstələrin müayinəsi, əlamətlərin araşdırılması zamanı narahatlıqların daha çox telefon istifadəsindən yarandığı ortaya çıxır. Problemlə bağlı müraciət edənlər arasında hər yaşdan olanlar var. İnsanın sağlamlığı birinci növbədə onun qamətindədir. Əgər onurğa stünunun qamətində problem yaşanırsa, bu, insan sağlamlığına mənfi təsir göstərir. Zaman-zaman fəqərələr burulur, əyilir. Bu, skolioza gətirib çıxaran amillərdən biridir".