Son 10 ildə aktuallaşdı

Psixoterapiya dünyada bahalı müalicə sayılır

Mütəxəssislər qeyri-təhsillilərin psixoterapevtlik etməsinə qarşıdır, hər ötənə sertifikat verən kurslar da qəbul olunmur

  Həyat şərtləri ağırlaşdıqca psixoloqlara müraciətlər də artır. Paytaxtda az qala hər iki addımdan bir psixoloji mərkəzə rast gəlinir. Seans qiymətləri isə 80-100, 100-150 manat arası dəyişir. Etiraf edək ki, qiymətlər hər kəsin cibinə uyğun deyil. Bəs müalicələr necə, effektlidirmi? Bu günlərdə “Azərbaycanın ən bahalı psixoloqları” siyahısı dərc olunub. Bu isə hazırda psixoterapevt kimi tanınan şəxslər arasında narazılığa səbəb olub

Siyahıda adı keçən həkim-psixoterapevt Elmir Əkbər “Bakupost.az”a açıqlamasında “hər yoldan ötənin” psixoloq kimi təqdim edilməsi ilə razı olmadığını, ölkədə psixoloq xidmətlərinin hazırkı durumunun biabırçı olduğunu etiraf edib. E.Əkbər bildirib ki, həkim-psixoterapevt kimi fəaliyyət göstərilməsinə Səhiyyə Nazirliyi rəsmi icazə verməli, bu şəxslərin   xüsusi vəsiqələri olmalıdır. Amma “bazarda kartof satıb, ya başqa işlərlə məşğul olub, sonra əldəqayırma psixoloq kimi özünü təqdim edənlər var. Elmir Əkbərin sözlərinə görə, siyahıda elə adamlar var ki, bu sahə üzrə ümumiyyətlə, təhsili yoxdur:

 "Nəyə görə fəlsəfəni, pedaqoji universiteti bitirən özünü psixoloq adlandırır? Onlar peqaqoji psixoloq ola, məktəblərdə, bağçalarda işləyə bilər, amma seans keçə, diaqnoz qoya bilməzlər. Hərə bir kursda sertifikat, saxta yollarla diplom alıb özünü klinik psixoloq kimi təqdim edir. Klinik psixoloq olmaq üçün həm tibbi bitirməlisən, həm də ya burda, ya xaricdə məhz bu sahə üzrə ali təhsil almalısan. Azərbaycanda psixologiya üzrə vəziyyət biabırçıdır. Bu sahəyə aidiyyəti olmayan insanlar özlərinə qiymət qoyub, kabinet, mərkəz açıb". Elmir Əkbər ümumiyyətlə, psixi bir pozuntusu, problemi olan şəxsin ilkin olaraq psixoloq tərəfindən qəbul olunması və müalicə vədi verilməsinin səhv olduğunu bildirdi. 

Onun sözlərinə görə, diaqnozu psixiatr və həkim-psixoterapevt qoya bilər. Ondan sonra psixoloqa, amma yalnız və yalnız klnik psixoloqa yönləndirilə bilər: “Psixoloq mütləq ali təhsilli olmalıdır, əlavə olaraq beynəlxalq aləmdə qəbul olunan ali təhsil müəssisəsini psixoloq ixtisası üzrə bitirməlidir. Onun diplomunda yazılmalıdır ki, bu kliniki, pedaqoji, yoxsa sosial psixoloqdur. Fəlsəfəni, pedaqoji institutu bitirən heç vaxt klinik psixoloq ola bilməz. O elan verə bilməz ki, depressiyanı, panik atakı, nevrozu və s. müalicə edirəm. Onun yanına seanslara gedə bilməzsiz. 

Pasiyent mütləq mütəxəssisdən diplomunu tələb etməlidir. O da onu göstərməyə borcludur. Divarını 3-5 günlük kursların sertifikatları ilə doldurmaqla təhsil olmur. Gedib Türkiyədə hansısa hocanın görüşündə əl çalıb, orda ona bir kağız veriblər, gəlib onu divara asır. Kimə və nəyə lazımdır? O sertifikatlar heç bir rol oynamır. Yerindən duran marafon, seminar, kurs açıb, gənc qızları ora yığır, 2-3 günə bir kağız verir. Guya, o, keçdiyi kursu bildi? Guya, psixoloq oldu? Bu onlara ixtiyar vermir ki, insanlara psixoloq kimi xidmət etsinlər, saata 100-150 manat qiymət oxusunlar. “İnstagram psixoloqları” deyilən bir ordu yaranıb. Normal psixoloq ancaq 30 yaşında yetişə bilər. 23-25 yaşında necə psixoloq olurlar ki? Bu ad populyardır, xoşumuz gəlir deyə özümüzə qoya bilmərik. Bura şou-biznes deyil ki, hərə özünə ad qoysun. Bu məsələyə dövlət səviyyəsində müdaxilə olunmalıdır”.

  Psixoloq Nərmin Quliyeva şəxsi bloqunda psixoloq, kliniki psixoloq, psixoterapevt, psixiatr anlayışlarına aydınlıq gətirib və ruhi sarsıntı keçirdiyini zənn edən insanların ilk müraciət edəcəkləri ünvanları açıqlayıb:  

- Psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir. Klinik psixoloq psixologiya üzrə təhsil aldıqdan sonra, klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmiş mütəxəssisdir. Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməklə məsuldur. Həkim deyil, dərman yazmır. Klinik psixoloq və psixoterapevtlər sadəcə nəzəri və akademik işlərlə məhdud qalmır, psixoterapiya təlimləri alır və superviziyanı tamamlayır. Psixiatr isə tibb təhsilini tamamlayan və psixiatriya üzrə ixtisaslaşan mütəxəssisdir. Tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq ixtiyarına malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımi təhsili almalı və superviziyalarda iştirak etməlidir. Psixoterapevt isə psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir. Psixoterapevt olmaq üçün mütləq psixoterapiya sahəsi üzrə əhatəli təhsil alınmalıdır və əlavə olaraq superviziya (mütəxəssisin nəzarəti altında davam etdirilən terapiya) keçməlidir. Klinik psixologiya dərəcəsi bu istiqamətdə təhsil verən proqramdır. 

  Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bir çox araşdırmalar bəzi terapiya üsullarının farmakoterapiyadan daha təsirli olduğunu sübut edir. Bəzi psixoloji narahatlıqlar qısa müddətli, bəzisi isə daha uzun müddətli seansları ehtiva edir. 

Bu müddət, problemin yaranmasına gətirib çıxaran səbəbləri, problemin dərinliyi, dərəcəsi, başlanğıc zamanı kimi faktorlardan asılıdır. Problemin dərəcəsi çox olduğu və terapiyaya təsir göstərdiyi halda medikamentoz terapiyadan istifadə olunur. Dərman sadəcə dəstəkləyici rol oynayır. Müalicə etməkdən daha çox simptomları azaltmaq və psixoloji vəziyyəti korreksiya etməyə kömək edir. 

Bəzi psixoloji problemlər bioloji səbəbdən qaynaqlanır və buna görə də dərman terapiyasına ehtiyac duyulur. Lakin psixoloji səbəblərdən qaynaqlanan problemin terapiyasında dərman heç bir rol oynamır. Psixoterapiya vasitəsilə problemləri həll etmək, səbəb olan faktorların fərqinə vararaq onları dəyişdirmək öyrədilir. Psixoloji narahatlıq yaşadığını düşünən insan, öncə psixoterapevtə müraciət etməlidir. Bu şəxs klinik psixoloq və ya psixoterapiya təlimlərindən keçmiş psixoloq da ola bilər. Əgər dəyərləndirmə zamanı dərman terapiyaya ehtiyac duyularsa, bu zaman mütəxəssis pasiyenti psixiatra yönləndirir.

  Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, psixoterapiya bütün dünyada bahalı müalicə sayılır: 

- Əvvəla, onu deyim ki, bir psixoloqun və ya psixoterapevtin başqa birisi haqqında fikir bildirməsi, tənqid etməsi etik deyil. Gərək danışanda, fikir bildirəndə kimisə qırmamağa, incik salmamağa çalışasan. Psixoloji mərkəzlərin qiymətinin məhz məqalədə göstərildiyi kimi olduğuna kim zəmanət verir? Mənim Elmir Əkbərlə heç bir problemim yoxdur. Lakin kim ona icazə verib ki, başqaları haqqında fikir yürütsün? Bazar iqtisadiyyatıdır, hər kəs əməyini özü qiymətləndirə bilər. Kimsə seansın qiymətini 80, ya 100 manat təyin edirsə, bu, o şəxsin mərkəzin və özünün fəaliyyətinə verdiyi qiymətdir. Şəxsən mənim də psixoloji mərkəzim var, lakin mən heç vaxt ödəniş söhbəti etmirəm. Mərkəz illərdir fəaliyyət göstərirsə və özünü maliyyələşdirə bilirsə, deməli, pasiyentlər bizə inanır, məsləhət və müalicələr effektlidir. Ümumiyyətlə, psixoterapiya dünyada bahalı müalicə sayılır. Bu, komfortlu, lüks müalicədir. Seansların qiymətini baha hesab edənlər var. İmkanı olan, bu seansların xeyrini görənlər ondan istifadə edir. Bəli, deyə bilərsiniz ki, aztəminatlı ailələr də var, bəs onlar neyləsin? Bunun üçün dövlət Qaynar Xətti var. Amma etiraf edim ki, bu Qaynar Xəttin piarı yaxşı təşkil olunmadığından əhalinin əksəriyyəti ondan xəbərsizdir. Harda yerləşir, bilinmir. Müraciətlərə bəlkə də vaxtında, operativ reaksiya verilmir. Bəlkə işçi qüvvəsi azdır.  Ona görə də daha çox özəl mərkəzlərə müraciət edilir. 

  Son zamanlar psixoloqlara müraciətlərin niyə artdığına gəlincə, F.Mehmanqızı bunu günümüzlə əlaqələndirdi: 

- Tələb var ki, təklif də var. Müraciət edənlərin sayı niyə də artmasın?! Sosial şəbəkələrdə kriminal xəbərlərin yayılma sürətinə baxın. Bunlar insanların psixologiyasına mənfi  təsir edir. Cəmiyyətdə daxili aqressiya, ailədaxili münaqişələr artıb. Psixoterapiya son 10 ildə aktuallaşıb. Çünki həyatın çətinlikləri bu tələbi ortaya çıxarıb. Əgər biz psixoloqlar bu peşəyə inamı, güvəni yarada bilmişiksə, deməli, bu peşə artıq oturuşmuş vəziyyətdədir. İnsanların buna ehtiyacı var. Lakin mən də qeyri-təhsillilərin psixoterapevtlik etməsinə qarşıyam. Hər ötənə sertifikat verən kursları da qəbul etmirəm. Məhz bu sahə üzrə ixtisaslaşmış şəxs psixoterapevt kimi çalışmalıdır. Mən psixoterapevtin analiz qabiliyyətinə və hansı terapiyadan istifadə etdiyinə önəm verirəm.