Dünyada hər an yeni bir təhlükəli pandemiya başlaya bilər.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən toplantıda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda H5N1 quş qripi epidemiyası ilə bağlı yaşananlar bəşəriyyətin hələ də həssas olduğunu göstərir.
"Növbəti pandemiya çox yaxındadır", – deyə ÜST rəhbəri bildirib.
Qeyd edək ki, ÜST ekspertləri H5N1 kimi də tanınan quş qripi virusunun ölüm nisbətinin olduqca yüksək olduğunu bildirirlər. Bu günə qədər infeksiyaya yoluxmuş bir neçə yüz insanın xəstəlik tarixçələri bunu sübut edir.
İndiyə kimi H5N1 virusunun insandan insana ötürülməsi ilə bağlı heç bir hal qeydə alınmayıb.
İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, H5N1 quş qripinin bir növüdür:
“Bu virus çöl quşlarında olur. Həmin quşlardan ev quşlarına və digər ev heyvanlarına yoluxur. Ev heyvanları ilə təmasda olan insanlara da yoluxma ehtimalı var. Azərbaycana gəlmə ehtimalından danışmaq hələ ki tezdir. Ancaq pandemiya olarsa, Azərbaycana da gələcək. Qrip virusu pandemiya törətmə potenasialına malik olan virusdur. Ona görə də bu cür virusların yayılması ehtimalına qarşı indidən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər qrumlar hazırlıqlı olmağı məsləhət görürlər. İlk başdan bunun qarşısı alınmalıdır ki, pandemiya olmasın. Virusdan qorunmaq üçün xəstə quşlarla təmasda olmamaq lazımdır. Ev quşlarının çöl quşları ilə təmasda olduğunu müşahidə ediriksə, buna icazə verilməməlidir. Çöl quşlarının ətini yeyərkən onun pasterizə olması mütləqdir. Pastarizə süddə bu virus tam məhv olur. Quşların yeyilməsi və bişirilməsi prosesində isə virus insana yoluxa bilər. Ona görə də ehtiyyatlı olmaq lazımdır”.