Londonda İlham Əliyev-Paşinyan görüşü gözləniləndir -ANALİTİK

Sülh danışıqlarının yeni məkanda aparılması münasibətlərin tənzimlənməsi baxımından müsbət haldır


 Ermənistan Baş naziri Nikol Paşinyan Londona gedib. O və xanımı Avropa Siyasi Birliyinin 4-cü sammitində iştirak etmək üçün Britaniyaya səfər edib. Ermənistan hökumətinin açıqlamasında bildirilib ki, 7-20 iyul tarixlərində davam edəcək səfər zamanı bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Sammitdə İlham Əliyev və Paşinyan arasında görüşün olub-olmayacağı hələlik məlum deyil.

  Siyasi şərhçi Aqşin Kərimov da “Sherg.az”a açıqlamasında  deyib ki, sammit çərçivəsində Londonda İlham Əliyevlə Paşinyan arasında görüşün baş tutması gözləniləndir: 
“Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının yeni məkanda aparılması münasibətlərin tənzimlənməsi baxımından müsbət haldır. Düzdür, Sammit proqramında İlham Əliyevlə Paşinyan görüşünə dair heç bir məlumat yoxdur. Lakin şəxsi qənaətimcə, belə bir görüş olacaq”.

  Görüşün təşəbbüskarının kim olacağına gəldikdə isə A.Kərimov deyib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də həmin tədbirdə iştirak edəcək: 
“Gedər ayaq Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü  təşkil etməkdə maraqlı görünə bilər. İstənilən halda Londonda aparılacaq müzakirələrdə Azərbaycan- Ermənistan münasibətlərinin diqqətə alınması xüsusi əhəmiyyət kəsb edən  məsələdir”. 
  Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutacağı halda sərhədlərin delimitasiya və demarkasiyası, sülh  müqaviləsinin razılaşdırılmayan komponentlərinin yenidən müzakirəsi, Qərbi azərbaycanlıların qayıdışından tutmuş Ermənistan konstitusiyasına ediləcək dəyişikliklər masaya yatırıla bilər.