Qan hüceyrələrinin faiz nisbəti təhlükəli həddə dəyişə bilir, bu da insan həyatı üçün təhlükə yaradır
İsti havalarda dərman vasitələrindən istifadədə ehtiyatlı olmaq lazımdır. Bununla bağlı ABŞ-nin “Associated Press” nəşri faydalı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, yay mövsümündə, isti havalarda bəzi dərmanların əlavə təsirlərinin üzə çıxmaq təhlükəsi daha da artır. Həmçinin yüksək temperatur səbəbilə inyeksiya üçün nəzərdə tutulan məhlullar və “şpris”lər də xarab ola bilər. Qan təzyiqini aşağı salan bəzi dərmanlar tərləməni artırır və bununla da bədəni susuzlaşdırır. Belə şəraitdə gün ərzində qəbul edilən mayenin miqdarına nəzarət etmək vacibdir. Nəşrin mütəxəssisləri xəbərdarlıq edir ki, antidepresantlar, “Aspirin” və ağrıkəsicilər orqanizmin soyumasının qarşısını alır. Eləcə də bəzi antibiotiklər və antifungallar bədənin günəşə qarşı həssaslığını artırır və dərinin yanmasına səbəb ola bilər. Nəşr qeyd edir ki, avtomobillə səyahət edənlərsə dərmanları səyahət üçün nəzərdə tutulan soyuducuda saxlamalıdırlar. Avropa Dərman Agentliyi isə bəzi dərmanların monitorinqini apardıqlarını açıqlayıb. Medicina.az xəbər verir ki, agentlik aqranulositoza (ağ qan hüceyrələrinin sayının azalması) səbəb olduğu aşkar edilən metamizol tərkibli ağrıkəsicilərin yoxlanıldığını bildirib. Monitorinq nəticəsində bu dərmanlarla bağlı tövsiyələrin paylaşılacağı qeyd edilib. “Məlum olan aqranulositoz riskini minimuma endirmək üçün görülən tədbirlərin kifayət qədər təsirli olmaya biləcəyindən narahatlıqdan sonra tərkibində ağrıkəsici metamizol olan dərmanlarla bağlı araşdırmaya başladıq. Təhlükəsizlik komitəsi (PRAC) Aİ-də müxtəlif lisenziyalarla istifadəsinə icazə verilmiş bütün metamizol tərkibli dərmanlar üçün aqranulositoz riskini və mövcud riskin azaldılması tədbirlərini nəzərdən keçirəcək. Komitə aqranulositozun dərmanların fayda-risk balansına təsirini qiymətləndirəcək və Aİ daxilində lisenziyaların davam etdirilməsi, dəyişdirilməsi, dayandırılması və ya ləğv edilməsi barədə tövsiyə verəcək", - deyə agentliyin açıqlamasında vurğulanıb. Agentlik, həmçinin metamizol tərkibli ağrıkəsicilərin 1920-ci illərdən bəri bütün Avropada istifadə edildiyini bildirərək dərmanların siyahısını paylaşıb. Onlar bir sıra adlar altında mövcuddur. Məsələn, Afexil, Algifen, Berlosin, Buscapina Compositum, Dialginum, Dolocalma, Flamborin, Metamizol, Metapyrin, Novalgin, Panalgorin, Piafen, Piralgin, Spasmalgon, Tempalgin və daha bir neçə oxşar adlı dərman preparatlarının adı siyahıda qeyd edilib.
İsti havalarda bəzi dərman preparatlarının orqanizm üçün təhlükə yaratdığını söyləyən terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında “aqranulasitoz” təhlükəsini izah etdi:
- Bu, bədəndə təhlükəli leykopeniya - ağ qan hüceyrələrinin sayının azalmasıdır. Aqranulositoz asemptomatik olur və ya qəfil qızdırma, boğaz ağrısı ilə özünü göstərir. Həm də hər hansı bir orqanın çox sürətlə irəliləyən infeksiyası ilə üzə çıxa bilər. Əhali arasında belə yanlış yanaşma mövcuddur ki, ağ qan hüceyrələri təhlükəlidir. Xəstəlik mənbəyidir. Ağ qan hüceyrələri də qırmızı qan hüceyrələri kimi orqanizm üçün gərəklidir. Ağ qan hüceyrələri olan leykositlər bədəni infeksiyalardan və xarici işğalçılardan, hətta xərçəngə qarşı da qoruyan immunitet sistemində mühüm rol oynayır. Leykositlər əskik olduqda, mikroskopik orqanizmlər qan dövranı sisteminə sürətlə daxil olur və onların sayını artıraraq ölümə gətirib çıxarır. Ağ qan hüceyrələrinin çoxluğu da bir sıra ağır, xroniki xəstəliklərə gətirib çıxarır. Qırmızı qan hüceyrələri də, ağ qan hüceyrələri də bəlli miqdarda olmalıdır. Ona görə də vacibdir ki, vaxtaşırı qan analizləri verilsin, qanda eritrositlərin - qırmızı qan hüceyrələrinin, leykositlərin - ağ qan hüceyrələrinin, eləcə də trombositlərin – laxtalanmada iştirak edən hüceyrələrin sayı bilinsin. Trombositlərin normadan az olması qanın laxtalanmasına mane olur, çox olması isə damarda tromb yaradır, həyati təhlükəyə səbəb olur. Yəni qandakı hər 3 hüceyrənin bəlli miqdarda olması vacibdir. İsti havalarda nəzarətsiz qəbul edilən dərman preparatları səbəbindən də qan hüceyrələrinin faiz nisbəti təhlükəli həddə dəyişə bilir, bu da insan həyatı üçün təhlükə yaradır. Ümumiyyətlə, həkimlə məsləhətləşmədən hər hansı dərman preparatını qəbul etmək hər zaman təhlükəlidir, o cümlədən də isti havalarda.