Ölən uşaqların sayı 9-a yüksəldi

“Strep A” infeksiyasının artması mütəxəssislərdə narahatlıq yaradıb

  Böyük Britaniya Səhiyyə Mühafizə Agentliyi  (UKHSA) son 1 həftə içində İngiltərə və Qalliyada “Strep A” diaqnozu qoyulduqdan sonra bakteriyaların yaratdığı invaziv GAS xəstəliyinə yoluxma səbəbindən vəfat edən uşaqların sayının 9-a yüksəldiyini açıqlayıb. Vəfat edənlərin hamısı 10 yaşa qədər uşaqlardır. Bu fakt dünya miqyasında narahatlıq yaradıb, xüsusən valideynlər arasında qorxu və təşvişə səbəb olub. UKHSA məlumatına görə, bu il İngiltərədə 1-4 yaş arası 100 min uşaqdan 2,3 faizinə  "Strep A" diaqnozu qoyulub.

Bu göstərici pandemiyadan əvvəlki göstəricilərdən dəfələrlə yüksəkdir. Agentlik son bir neçə həftə ərzində uşaqlar arasında aşağı tənəffüs yollarında "Strep A" infeksiyasının ciddi xəstəliyə səbəb olduğunu müəyyən edib. A qrupu strep bakteriyaları yüngül xəstəliklərdən tutmuş ən ağır xəstəliklərədək bir çox infeksiyalar yarada bilir. Lakin indiyədək bu infeksiyaların ölümə gətirib çıxardığı halları olmamışdı. Uşaqlar arasında ölüm faktlarının artması mütəxəssislərdə narahatlıq yaradıb. Və ciddi araşdırmaların aparılması vacibliyini önə çəkib. Mütəxəssislər hesab edir ki, "Strep A" virusunun geniş yayıldığını söyləmək tezdir, lakin virusun yayılma səbəbi bakteriyaların sayının çoxluğu və sosiallaşmadır. Virusa bulaşmış bir uşağın sosial əhatəsi genişdirsə, virusun digər uşaqlara yayılma ehtimalı da yüksəlir.   
  "Sterp A"  və ya A qrupu steptokok bakteriyaları boğazda və dəridə əmələ gələn bakteriya növüdür. İnsanlarda adətən konkret hansısa əlamətlərlə özünü göstərmir. Amma burun, boğaz və ağ ciyərlərdə fərqli xəstəliklərə səbəb olur. Xəstəliyin əlamətləri boğaz ağrısı, udqunmada çətinlik, ağrı, qızdırma, badamcıqların rəngində ağarma və şişkinlik, boyun vəzlərinin şişməsi, dəri quruluğuyla özünü göstərir. Nəticədə badamcıqlarda iltihab, farangit, dəri infeksiyaları, selülit, saturasiya pozğunluğu yaranır. 

Boğaz infeksiyaları çox zaman tez sağalır. Dəri infeksiyalarının müalicəsi isə antibiotik tələb edə bilər. Bakteriyalar invaziv GAS xəstəliyinə səbəb olduqda isə vəziyyət dəyişir və daha ciddi müalicəyə ehtiyac yaranır. İnvaziv GAS xəstəliyinin ən ağır növləri Streptokokal Toksik Şok sindromu və “Nekrotizan Fasiit” dir ki, buna “ət yeyən xəstəlik” də deyilir. Bu, toxumaların pozulmasına gətirib çıxarır. Şiddətli əzələ ağrısı, yüksək hərarət, bədənin hansısa hissəsində ağrılar, yara olan hissədə qızartılar, qusma və ya ishal bu xəstəliyin əlamətləridir. Bu əlamətlər varsa, həkimə təcili müraciət edilməlidir. "London College" Universitetinin Yoluxucu Xəstəliklər və Pandemiya  Tədris Proqramı üzrə əməkdaşı Oksana Pysik "Strep A"-nın ümumi halda  qrip şəklində ortaya çıxa biləcəyini söyləyib. Qriplə "Strep A"-nı fərqləndirmək üçün uşaqların dilinin üstünə diqqət edilməlidir. 

Dilin üzərində ağ köpüyə oxşar görüntü yaranıbsa, təcili müalicəyə başlanmalıdır. Pysik, “bunu valideynlər narahat olsun yox, sadəcə, müalicə üçün vaxt itirməsinlər deyə bildiririk”, - söyləyib.