"Bunun Azərbaycandakı vəziyyətə təsiri o halda olardı ki, virusun xüsusiyyətlərində hansısa dəyişiklik baş vermiş olsun"
Koronavirus Çində yenidən tüğyan edir. Pekinin illərdir həyata keçirdiyi “sıfır COVID siyasəti”, sərt qapanmalar nəticə verməyib. Çində gündə milyonlarla insan COVID-ə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan "COVID-ə yoluxub. COVID paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırkı COVID ilkin ştamdan fərqlidir.
Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb.
İddialara əsasən, növbəti aylarda COVID-19 yenidən dünyanı cənginə alacaq, bu səbəblə karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq. Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, pandemiya hələ bitməyib, yoluxma və ölüm hallarının artması istisna deyil.
Qeyd edək ki, COVID-19-a yoluxma hallarının artması səbəbindən Çinin ali səhiyyə qurumu gündəlik məlumatların dərc edilməsini dayandırır. Çünki davam edən pandemiyada itkilərin sayı hökumət orqanlarının təqdim etdiyi rəsmi rəqəmlərdən çoxdur. CNN telekanalı xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının (NHC) məlumatına görə, xəstəliyin yayılması haqqında müvafiq informasiya NHC tərəfindən idarə olunan Çin CDC altdepartamenti tərəfindən dərc ediləcək. Bu qərar Çində məhdudiyyətlərin kəskin yumşaldılmasından sonra ölkədə koronavirus dalğasının görünməmiş dərəcədə yayılması ilə bağlıdır.
Məlumatda Çin CDC-nin COVID-19 hesabatlarını nə dərəcədə tez-tez dərc edəcəyi göstərilmir. Ənənəvi olaraq Çin CDC ölkə qanunvericiliyi ilə idarə olunan bütün infeksiyalar (mövsümi qripdən tutmuş hepatit B və taunadək) haqqında məlumatı ayda bir dəfə dərc edir.
Bu ayın əvvəlində Çin COVID-19 ilə bağlı tətbiq edilən məhdudiyyətləri kəskin şəkildə yumşaltdığı üçün virusun yayılma miqyası haqqında dəqiq məlumat daxil olmayıb. Hazırda sakinlər infeksiyanın aşkarlanması üçün ekspres-testdən istifadə edir və pozitiv nəticə barədə məlumat verməyə borclu deyillər.
Yerli infeksionistlər isə təşvişə düşməyə səbəb olmadığını deyib. Onların fikrincə, Çində yoluxma artsa belə, COVID-19 pandemiyası tarixə qovuşub.
İnfeksionist Nicat Əzimlinin fikrincə, COVID-19-a görə narahatlıq keçirməyə dəyməz. İnsanlar rahat həyatına davam etməlidirlər:
“Təqdim olunan yoluxma sayının dinamikasına və digər göstəricilərə baxanda görərik ki, hazırkı vəziyyətdə narahatlığa əsas yoxdur. Eləcə də həkim olaraq şəxsi müşahidələrimizlə bunu təsdiqləyə bilərik. Tənəffüs orqanlarının viruslu infeksion xəstəliklərinin sayının artması mövsümlə əlaqədardır və bunu təbii qəbul etmək lazımdır. Bakı kimi əhalinin nisbətən sıx olduğu şəhərlərdə mövsümi qripə yoluxma halları koronavirus kimi artır. Bu, insanlarda təşvişə səbəb olmamalıdır”.
Koronavirus və qriplə bağlı gündəmdə olan xəbərlərə gəldikdə isə infeksionist deyib ki, Çin kimi əhalinin ultra-sıx olduğu ölkələrdə yoluxmaların daha sürətlə artması gözləniləndir: "Bunun Azərbaycandakı vəziyyətə təsiri o halda olardı ki, virusun xüsusiyyətlərində hansısa dəyişiklik baş vermiş olsun. Lakin hazırda bu haqda narahat olunacaq durum yoxdur".