“Sadəcə bildirmək istəyirik ki, təmiz, orqanik kərə yağları çox bahadır. 18-20 AZN civarında olmalıdır”
“Amma vitrinlərdə ucuz qiymətə adıçəkilən yağlara rast gəlirik”
"Marketlərdə satılan saxta kərə yağları böyük ehtimalla palma yağından hazırlanıb, hidrogenlə doyuzdurularaq, əldə olunur".
Bu barədə "Sherg.az"a qida texnoloqu, mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, məlum vəziyyət təkcə Gəncədə deyil, digər şəhərlərdə də hökm sürür:
"Monitorinqlər aparılsa, analoji hal bir çox böyük müəssisələrdə aşkarlanacaq. Çünki kərə yağını istehsal etmək üçün litrlərlə südə ehtiyac var. Bəs fermalarımızda lazımi qədər süd almaq üçün iribuynuzlu heyvanlar kifayət edirmi? Üstəlik, onların yemləri də bahadır. Yağlılığından asılı olaraq, 20-25 litr arası süd sağılmalıdır ki, bir kiloqram kərə yağı əldə edilsin. Kərə yağları mağazalarda isə 10-14 manata satılır. Bunu deməkdə məqsədimiz sözügedən məhsulun qiymətini qaldırmaq deyil. Sadəcə bildirmək istəyirik ki, təmiz, orqanik kərə yağları çox bahadır.
18-20 AZN civarında olmalıdır. Amma vitrinlərdə ucuz qiymətə adıçəkilən yağlara rast gəlirik. Deməli, bunlar bitki tərkiblidir. Çünki məsələn, palma yağını 200-250 dərəcəyə qədər isidib, rəngini, dadını, qoxusunu dəyişmək mümkündür. Daha sonra ona hidrogen püskürdürlər və qatı bir maye - yağ əmələ gəlir. Ardınca üzərinə dadlandırıcı və rəngləndirici maddələr vurulur. Bu da təbii ki, insan orqanizmində mənimsənilmir, sovrulmur. Belə bitki yağlarından əldə edilmiş kərə yağları trans yağ sayılır. Çünki həmin o bitki yağını kərə yağına çevirmək üçün hidrogenlə doyuzdurmaq lazımdır.
Bunun üçün isə güclü - 180 dərəcədən yuxarı, 200-250 dərəcəyə qədər istiliyə ehtiyac var. İstiliyi təmin etdikdə hidrogen bağlarının yeri dəyişir. Belə olduğu halda trans (tərs) yağa çevrilir. Nəticədə insan orqanizmində şiş xəstəlikləri, xərçəng, mədəaltı vəzi, qaraciyər piylənməsi, şəkərli diabet, təzyiq kimi problemləri ortaya çıxarır.
Yalnız zeytun yağı trans yağa çevrilmir. İstiliyə dözümlüdür. Salatlar, tərəvəzlərin qızardılması, bişirilməsi, pörtlədilməsində istifadə edilir və insan orqanizmi üçün çox faydalıdır. AQTA-nın son vaxtlar fəaliyyəti qənaətbəxşdir. Bir mütəxəssis kimi, bu, məni sevindirir. Amma analoji yoxlamalar Bakı şəhərindən başlanmalı, daha sonra regionlarda təşkil edilməlidir. "Əvvəl evin içi, sonra çölü təmizlənməlidir"".
Qeyd edək ki, Gəncə şəhərində fəaliyyət göstərən marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib.