Rusiyada kəskin donuz qripi...! – Azərbaycanın da "qapısını döyə bilərmi? - AÇIQAMA

Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) ştammını və ya donuz qripi adlandırılan qrip qeydə alıblar.
Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) mətbuat xidmətindən bildirilib.

"Qripin ən çox yayılmış ştammı Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) ştammıdır. Son həftədə qrip və kəskin respirator infeksiya virusuna yoluxma nisbəti əvvəlki ilə müqayisədə 7% azalıb. Həftə ərzində yoluxmaların ümumi sayı 1,7 milyon nəfər təşkil edib", - deyə məlumatda qeyd olunub.

Rusiyada COVID-19 üzrə epidemioloji vəziyyətin kifayət qədər sabit olaraq qaldığı bildirilib. 2022-ci ilin 51-ci həftəsində Rusiyada 47 mindən bir qədər çox xəstəliyə yoluxma halı qeydə alınıb.

Respirator xarakterli infeksion xəstəliklərin sürətlə yayılma parametrlərinin olduğunu deyən tibb elmləri doktoru, professor  Adil Qeybulla "Sherg.az"a bildirib ki, pandemiya bunu bir daha sübut etdi:

"Virusun yayılmasının qarşısını almaq və təmasları azaltmaq üçün sərhəd keçid zonalarında nəzarət tədbirləri gücləndirilməlidir. Yəni xəstə şəxslərin  izolyasiya olunması yaxşı olardı. Digər tərəfdən əhali arasında maarifləndirmə işləri də artırılmalıdır. Çünki əhalimiz miqrasiya vəziyyətindədir. Bizim Rusiyada ölkəyə gəlib-gedən xeyli soydaşımız var. Bu səbəblə də tamamilə izolyasiya da ola bilmirik. Pandemiya bizə çox böyük təcrübə qazandırdı. Ümumiyyətlə, mövsümü xəstəliklərdən və virusdan qorunmaq üçün ictimaiyyət arasında maska taxmaq, əlləri dezinfeksiya etmək, immun sistemini güclü saxlamaq və fiziki aktivliyi artırmaq vacibdir".