Təcili tibbi yardımdan ŞİKAYƏT VAR:“Maşın yoxdur deyirlər”


"Səhiyyə sistemində çox sayda problemlər var".
Bunu "Sherg.az"a həkim, ictimai-siyasi xadim Zəlimxan Məmmədli təcili tibbi yardım xidmətindəki narazılıqlardan danışarkən deyib. Onun sözlərinə görə, təcili tibbi yardımla bağlı şikayətlərin səbəbi müxtəlif ola bilər: 
"Eyni zamanda təcili tibbi yardım maşınlarının çağırışa gecikməsi yollarda tıxacların yaranması ilə də əlaqəlidir. Nəticədə xəstənin yanına vaxtında çata bilmirlər. Məsələyə kompleks yanaşılmalıdır".
Z.Məmmədli diqqətə çatdırıb ki, səhiyyə sisteminin özündə də iki hakimiyyətlilik var:
"Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət bölgüləri bəzi hallarda psixoloji, amansız, mövqe uğrunda savaşa gətirib, çıxarır. Beləliklə, neqativ hallarla qarşılaşırıq. Ölkədə təcili tibbi yardım maşınlarının sayının statistikasından məlumatım yoxdur. Hər halda normativlər əsasında, əhalinin sayına görə, maşın olmalıdır". 
Qeyd edək ki, təcili tibbi yardım xidməti ilə bağlı narazılıqlar var. Vətəndaşlar sosial şəbəkələrdə təcili tibbi yardım maşınlarının sayının azlığından şikayət edirlər.