Su yeməkdən sonra içilməlidir


Qənaət və sağlamlığa hər kəs diqqət etməlidir

  Su israfçılığına qarşı kampaniyaya qida mütəxəssisləri də qoşulub. Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov sudan necə istifadə barədə fikirlərini paylaşıb. Mütəxəssis “Şərq” açıqlamasında qeyd etdi ki, su qıtlığı ciddi problemdir, hər kəs məişətdə suya qənaət etməli olduğu kimi sağlamlıqla bağlı da sudan düzgün istifadə qaydasını bilməlidir: - Adətən insanları bu sual maraqlandırır: su nə vaxt içilməlidir? Yeməkdən öncə, yoxsa sonra? 

Yeməkdən sonra içilən su bağırsağa keçə bilmədiyi üçün mədəni genişləndirir, eyni zamanda mədə turşusunu zəiflədir və həzm prosesini uzadaraq çətinləşdirir. Yemək arasında su içmək daha da qarışıq bir mənzərə  meydana gətirir, çünki yemək vaxtı su içən insan qidanı yaxşı çeynəyə bilmir, tüpürcək vəzləri lazım olan miqdarda enzim ifraz edə bilmir və nəticədə həzm sistemi qida ağızda ikən pozulur. Beləliklə, içilən su mədə turşusunun zəifləməsinə, mədənin genişlənməsinə, qaraciyər və dalağın yüklənməsinə səbəb olur.

  Mütəxəssis qeyd etdi ki, yeməkdən 1,5 - 3 saat sonra su içmək daha məqsədəuyğundur: 

- Çünki mədə turşusu qidanı həzm etməyə istifadə olunur və mədədəki maddələr nazik bağırsağa keçməyə hazır vəziyyətə gəlir. Su içmək üçün ən unikal vaxt budur və bu arada insanın susamış olması da normaldır. Təsadüfi deyil ki, Allah “Qurani- Kərim”də  əl-Əraf surəsi 31-ci ayədə belə buyurur:  "Ey Adəm oğulları, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz". Ayədə də göründüyü kimi suyun içilməsi yeməkdən sonra buyrulub. 

Bu arada bir qeyd də etmək istəyirəm ki, quru qida istehlak edirsinizsə, ağıza qoyulan hər tikədə həddi aşmadan bir qurtum su içmək problem yaratmaz.