Aqressiv və zorakı davranışlar artır


Ekran asılılığı olan yeniyetmələrin beyin strukturunda dəyişikliklər olur

  Avstraliyanın Makquari Universitetində psixologiya üzrə tədqiqat aparan dosent doktor Veyn Varburton komputer və ya smartfonlarda videooyunlara həddindən artıq aludə olan insanların beyin quruluşunda mənfi dəyişikliklər əmələ gəldiyini açıqlayıb. “Şərq” “Habertürk”ə istinadən bildirir ki, psixoloq COVİD-19 qapanmalarından sonra uşaqlar və yeniyetmələr arasında apardığı araşdırma zamanı “ekran aludəçisi” olanların daha aqressiv və zorakı davranışlarının artdığını bildirib. Buna səbəb isə beynin prefrontal korteks bölgəsində meydana gələn dəyişiklikdir. Uşaq və yeniyetmələrin aqressivliyinin əsl səbəbi budur.  Psixoloq “ekran aludəçisi” kimi qeydə aldığı uşaq və yeniyetmələrin 100-də 10 faizinin təhlükəli miqyasda “oyun aludəçisi”, 3 faizininsə daha ciddi bir şəkildə “oyun xəstəsi” olduğunu müəyyənləşdirib. “Prefrontal korteksdə meydana gələn dəyişikliklər, yeniyetmələrin duyğularına nəzarət etməsini, məşğul olduqları işə diqqət yönəltmələrini, çalışqan olmalarını əngəlləyir”, söyləyən Veyn Varburton uşaqlar arasında hətta intihara meyilli olanları gördüyünü deyib. Psixoloq hesab edir ki, kompüter oyunlarından ailəsi tərəfindən zorla uzaqlaşdırılmağa çalışan uşaqlar  daha da depressiv və intihara meyilli olurlar. Videooyunlar uşaq və yeniyetmələrin beynində ünsiyyət hüceyrələrinə də mənfi təsir edir. Psixoloq mövcud durumu dəyişdirmək üçün  Almaniya araşdırma mərkəzi ilə birlikdə tədqiqat apardıqlarını bildirib.