“Çünki Rusiyanın Cənubi Qafqazdakı geostrateji mövqeyi və Qarabağdakı maraqlarının sülhdən yana olub-olmadığını dəqiqləşdirmək lazımdır”
“Rusiyadakı görüşlərdən nəticə gözləmək sadəlövhlük olardı”
Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.
Bu barədə “Financial Times”a xəbər verib.
Həmçinin iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacağı bildirilib.
Xatırladaq ki, bu fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü ilə bağlı "Financial Times" xəbər paylaşsa da, biz tərəflərin özlərindən rəsmi açıqlama görməmişik:
"Əksinə Ermənistan XİN-i rəsmi məlumat yaydı ki, belə bir görüşün keçirilməsi ilə bağlı onların məlumatı yoxdur. Bu isə görüşün qeyri-rəsmi formatda razılaşdırıldığını və hazırda müzakirə edildiyini deməyə imkan verir. Yəni rəsmi olaraq hər iki tərəf görüşün planlaşdırıldığını elan etməyiblər. Lakin görüşün keçirilmə ehtimalı var.
Ən azından belə bir iddianın olması, bunu deməyə əsas verir. Belə görüşlərin bundan sonra artacağı, onsuz da gözlənilən idi. Digər tərəfdən Azərbaycan və Ermənistan rəsmilərinin Moskvada da görüşləri planlaşdırılır".
Ekspert əlavə edib ki, diplomatik sahədəki hərəkətlənmələri bundan sonra daha çox müşahidə edəcəyik:
"Çünki hazırda sülh prosesi istiqamətində addımlar atılır. Həmçinin ABŞ başda olmaqla, Qərb dairələri bu prosesin sürətlənməsindən yanadırlar və bu istiqamətdə öz dəstəklərini verirlər. Bu səbəbdən Brüssel və Moskvada görüşlərin keçirilmə ehtimalı gözləniləndir. Ancaq Rusiyada ola biləcək görüşlərdən nəticə gözləmək sadəlövhlük olardı.
Çünki Rusiyanın Cənubi Qafqazdakı geostrateji mövqeyi və Qarabağdakı maraqlarının sülhdən yana olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunu nəzərə aldıqda deyə bilərik ki, Moskvada baş tutacaq təmaslar, əvvəlki görüşlərin bir növ təkrarı olacaq. Amma Vaşinqtondakı görüşdə rəsmi açıqlamalar göstərdi ki, artıq müəyyən razılaşmalar var və bundan yola çıxaraq daha effektiv nəticələr əldə edilə bilər. Yəni Qərbdə keçirilən görüşlərin daha qurucu ola biləcəyi qənaətindəyəm".