“Ən uğurlu” abortlar da ciddi fəsadlar yaradır

Qadın mütləq şəkildə vaxtaşırı tibbi müayinədən keçməlidir ki, hər hansı problem varsa qarşısı alınsın

  Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz selektiv abortların sonsuzluğa gətirib çıxarması təhlükəsindən danışıb. "Ən uğurlu” abort da təhlükəlidir", deyən B.Qaragöz bildirib ki, abortların qarşısının alınması üçün əsas profilaktik tədbirlərdən biri ailə planlamasının həyata keçirilməsidir:

"Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Çox təəssüf ki, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil. Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu, çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”. Hamiləlik planlıdırsa, doğulan uşaqların da arzulanan olacağını bildirən B.Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadlara gətirib çıxardığını bildirib: 

- Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır; erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Abortlar sonsuzluğun əsas səbəblərindən biridir. Çünki abort zamanı uşaqlıq və uşaqlıq boynu ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxara bilər.

  Selektiv abort üzrə də ölkədəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini bildirdi: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər.

  Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.
  B.Qaragözün fikirləri ilə razılaşdığını deyən həkim-ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, qadınlar vaxtaşırı tibbi müayinədən keçməlidirlər: 

- Biz həkimlər bunu daim xanımlarımızın diqqətinə çatdırırıq. Qadın mütləq şəkildə vaxtaşırı tibbi müayinədən keçməlidir ki, hər hansı problemin yaranma ehtimalı varsa, bu, ilkin mərhələdə müəyyənləşsin və qarşısı alınsın. Lakin  təəssüf ki, xanımlarımız həkimə bəzən çox gec müraciət edir. Uşaqlığın, uşaqlıq boynunun xərçəngi, yumurtalıqlarda kistoz və sair bu kimi patologiyaların aradan qaldırıla bilməsinin səbəbi müayinə və müalicədə gecikmələrdir. Hamilə xanımlar da həmçinin mütəmadi həkim nəzarətindən keçməlidirlər. Plansız hamiləliklər ağır fəsadlara gətirib çıxarır.  Hamiləliyin məqsədli şəkildə, süni yollarla pozulması halları artdıqca, qadın orqanizmində fəsadlar da artır. Selektiv abortlarsa demoqrafik mənzərəni mənfiyə doğru dəyişir. Qadın hamiləlikdən öncə də, hamiləlik dövründə də ictimaiyyət və millət qarşısında ciddi məsuliyyət daşıdığının fərqinə varmalıdır.