Elə etmək olar ki, regionlara da yaxşı həkimlər getsin 


Bunun üçün onlara münasibətdə müəyyən güzəştli tədbirlər görülməli, maaş fərqli olmalıdır


  TƏBİB Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı  olmadığını deyib. Məlumatda qeyd edilib ki, yalnız bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur: "Respublikanın bir çox bölgələrində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur. Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik". 

  Tibb elmləri doktoru Adil Qeybulla sözügedən problemin həllini regionlarda işləyən həkimlər üçün xüsusi sosial müdafiə tədbirlərinin həyata keçirilməsində görür: 

“Həkimlərimizin mütləq əksəriyyəti, həqiqətən də, Bakıda və digər iri şəhərlərdə cəmləşib. Bu da ondan irəli gəlir ki, paytaxtda və bir neçə iri şəhərimizdə həyat səviyyəsi rayon yerlərinə nisbətən yüksəkdir. Kənd və rayon yerlərində isə həkimlər üçün şərait yetərincə deyil.

  Ona görə də regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün həkimlərlə bağlı xüsusi sosial müdafiə təbdirləri həyata keçirilməlidir. Belə olarsa, rayon yerlərində də işləmək həvəsində olan həkimlərin sayı artacaq. Yəni elə etmək lazımdır ki, həkim regionlarda da işləməyə həvəs göstərsin. Bunun üçün onlara münasibətdə müəyyən güzəştli tədbirlər görülməli, belələrinə maaş başqa cür təyin edilməlidir. Bu kimi tədbirlər onları kənd yerlərində də işləməyə stimullaşdıra bilər. İkinci bir tərəfdən, səhiyyəni elə bir sistemə çevirməliyik ki, regionlarla mərkəz arasında peşəkarlıq səviyyəsində fərqlər olmasın.

Bu isə həm icbari tibbi sığortanın normal tətiq edilməsindən, həm də həkimlər üçün bərabər şəraitin yaradılmasından keçir. Belə olarsa, hansısa bir həkimin rayondan durub şəhərə gələrək burada işləməyə həvəsi olmayacaq.
  Qonşu Türkiyədəki kimi bütün respublika üzrə, Bakıda, regionlarda səhiyyənin peşəkarlıq səviyyəsinin eyniləşdirilməsi, yüksək səviyyəyə çatdırılması şərtdir. Başlıcası isə həkimlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Bu addımlar atılarsa, həkimlərin seçim edərkən əsas diqqəti paytaxta və iri şəhərlərə yönəltmələri də azalar. Təbii ki, hər kəs daha yaxşı yaşayışın olduğu yerə meyl edir, bu da onun hüququdur”.