Davamlı öskürək infarktın əlaməti ola bilər


"Ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır"

  “Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Bu, xəstələrin həyatını təhlükəyə atır”. Bunu ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev deyib. Cərrahın sözlərinə görə, ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır. Bu zaman heç sinədə ağrı da olmur: “Davamlı öskürək, bu zaman çəhrayı rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir. Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.
  İnfarktdan bir həftə və bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur. Xəstələr bunu qrip, zökəm, ağciyərlərin soyuqlaması ilə səhv salır.
  Ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir. Ona görə bir müddətdir astma kimi öskürək tutmaları olan şəxslər ürəyini də yoxlatmalı, xüsusən yaşlı kişilər, orta yaşlı insanlar, ürək problemi olanlar, nəsildə ürək infarktı olanlar öskürəyə sadəcə öskürəkdir deyib keçməməlidir”. 
R.Əliyevin sözlərinə görə, ürək öskürəyinin  əsas səbəbləri arterial hipertenziya (hipertoniya), ürəyin işemik xəstəliyi, miokardit, kardiomiopatiya, miokard infarktı, ürək qüsurları, aritmiyalar və s.-dir.