Yod intellekt elementidir

Təəssüf ki, sularımızı yodlaşdırmaq əvəzinə xlorlayırlar


  Hansısa uşağın tez danışmağı, tez yeriməsi onun  öyrədilməsindən asılı deyil. Bu, sinir hüceyrələrinin üzərində mielin qatının yaranması ilə bağlıdır. Tam inkişaf etmiş psixomotor bacarıqlar bu prosesə borcludur. Pediatr Aytən İsmayılzadənin sözlərinə görə, bu proses bətn daxilində 14-cü həftədən başlasa da, körpəlikdə sürətli şəkildə  davam edir və 6 yaşında bitir:

 “Amma bəzən yeniyetmə çağına kimi davam edə bilir. Bu prosesin ləngiməməsi üçün tiroid vəzinin həm hamilədə, həm körpənin özündə doğru çalışması lazımdır. Çünki sinir sisteminin, beynin hərtərəfli inkişafı tiroid (zob) vəzinin təsiri altında baş verir. Onun da doğru çalışması üçün yod lazımdır. Yod intellekt elementidir. Təəssüf ki, sularımızı yodlaşdırmaq əvəzinə xlorlayırlar. Xlor isə yoda həssas reseptorları zəbt edir, az-maz yodun da sorulmasına mane olur. Yaxşı olar ki, sinir, psixi inkişaf problemi olan-olmayan hər uşaq yod qəbul etsin. Hər hamilə, hər süd verən ana yod qəbul etsin”.
  Pediatrın fikrincə, diaqnozundan asılı olmayaraq psixoloji reabilitasiya mərkəzlərinə gedən uşaqların yod qəbul etməsi çox vacibdir. Bu, bərpa prosesini də sürətləndirəcək, valideyn də, psixoloq da işin müsbət nəticəsinin tezləşdiyini görəcək.