Camaat intizarda: Dərmanlar ucuzlaşacaq?

Ancaq həkim-pediatr qanuna dəyişikliklərdə konkretlik olmadığını söyləyib
“Satış həyata keçirilən kimi hansı dərmanın hansı qiymətə satıldığı sistemdə qeydə alınmalıdır. Bütün apteklər bu sistemə qoşulacaqmı, vətəndaş ona dərman preparatının dövlətin təyin etdiyi qiymətə satıldığını bilmək imkanı əldə edəcəkmi?”
  Dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaqdır. Həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Bununla yanaşı layihədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur (hazırda tənzimlənmiş vahid qiymətlərlə satıla bilər). Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

  Həkim-pediatr Vaqif Qarayev “Sherg.az"a açıqlamasında qanuna dəyişikliklərdə konkretlik olmadığını söylədi:
"Bu, hamının, ümumilikdə xalqın marağında olan qanundur. Qanuna dəyişiklikləri də camaat bir o qədər intizarla gözləyir. Amma konkretlik yoxdur. Deyirlər, dövlət reyestrinə daxil olmayan dərmanların satışı qadağan edilir. Lap yaxşı. Bəs reyestrə hansı dərmanlar daxildir, reyestrə salınan dərmanların suyahısını təqdim etsinlər, biz də bilək, hansı dərman preparatını təyin etmək olar hansını olmaz. Biz gözləyirdik ki, dərmanların qiyməti ilə bağlı problem həllini tapacaq. Millət vəkilləri özləri eitraz edir ki, dərmanlar çox bahadır. Amma problem hələ də həllini tapmayıb. Qonşu Gürcüstan Türkiyə ilə müqavilə bağlayıb: Türkiyə istehsalı dərman preparatlarının Gürcüstana daxili qiymətlərlə - Türkiyədə hansı qiymətə satılırsa, Gürcüstana da həmin qiymətə satılması barədə. Biz niyə belə bir müqavilə bağlamırıq? Hamı dərmanların qiymətindən həzər edir. Amma nə iş görülür buna qarşı, bilmirik".
  V.Qarayev elektron təqib və izləmə sisteminin modern üsul olduğunu dedi:
" Lakin bu sistem barədə əhaliyə ətraflı məlumat verilməlidir. Ümumi sözlərlə yola vermək olmaz. Vətəndaş bilməlidir ki, elektron sistem nədir, ondan necə istifadə edəcək. Bildiyim qədər elektron sistemin tətbiqi zamanı, məsələn, apteklərdən buraxılan dərmanlar dərhal sistemə oturmalıdır. Bunun üçün apteklərin də sistemə qoşulması lazımdır. Satış həyata keçirilən kimi hansı dərmanın hansı qiymətə satıldığı sistemdə qeydə alınmalıdır. Bütün apteklər bu sistemə qoşulacaqmı, vətəndaş ona dərman preparatının dövlətin təyin etdiyi qiymətə satıldığını bilmək imkanı əldə edəcəkmi? Bunlar konkretləşdirilməli məsələlərdir".