Miokardit nədir?  - Sipmtomları

Miokarditə qadınlarda daha çox rast gəlinir

Bu zaman xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar müşayiət olunur


  Miokardit ürək əzələsinin iltihablaşması və bunun nəticəsində ürəyin fəaliyyətinin pozulmasıdır. Miokarditin ağırlaşmış formaları həyati təhlükə daşıyır.
  Kişilərdə daha çox rastlanan miokardit ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir. Əsas əlamətlər ürək nahiyəsində ağrı, təngnəfəslik, ürəkdöyünmə, ayaqlarda ödəm, zəiflik, başağrısı, tez yorulma, tərləmə, zökəm, əzələ və oynaqlarında ağrılar, mədə-bağırsaq sistemində dəyişikliklərdir.
  Miokardit vaxtında müalicə olunmadıqda — kardiosklerozun, ürək çatışmazlığının, qazanılmış ürək qüsurunun inkişafına səbəb olur ki, bu da cərrahi müdaxiləni qaçılmaz edə bilər.
  Miokarditin müxtəlif səbəblərdən  yarandığını vurğulayan  ürək-damar cərrahı Ramil Əliyevin “Sherg.az"a açıqlamasına görə, xəstəliyə kişilərdə yox,  qadınlarda  daha çox rast gəlinir:

“Miokardit ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir.  Ən çox infeksion mənşəli və ya infeksion-toksik mənşəli miokarditlərə rast gəlinir.  Virus etiologiyalı miokarditlər də nisbətən geniş yayılıb. Xəstəlik zamanı ürək əzələsində iltihabi hüceyrə infiltratı, stromanın ödemi, nekrozu, distrofiyası kimi dəyişikliklər baş verir. Sol mədəciyin sistolik funksiyası və sol mədəciyin diastolik funksiyası zəifləyir. Kiçik və böyük qan dövranında durğunluq müşahidə olunur. Miokardit zamanı xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar, mədə-bağırsaq sistemində dəyişikliklər müşayiət olunur. 
Xəstədə zökəm əlamətləri meydana çıxır. Xəstələr ürək nahiyyəsində ağrıdan, təngnəfəslikdən, ürək döyünmədən, ayaqlarda ödəmdən şikayət edirlər. Xəstəliyə diaqnoz qoymaq üçün xəstədən toplanan anamnezin, EKQ-nin, ürəyin auskultasiyasının rolu böyükdür. Müalicəsində fiziki aktivliyin məhdudlaşdırılması, dezintoksikasiyaedici dərman maddələrindən istifadə edilir. Lazım gələrsə antihistamin dərman maddələrinin qəbulu da məsləhət görülür. Ürək çatışmazlığı inkişaf edən zaman müalicəyə ürək çatışmazlığının kompleks müalicəsi daxil edilir”.