"Son vaxtlar idmana gedənlərin, fitneslə məşğul olanların sayının artması müsbət haldır".
Bunu "Sherg.az"a tanınmış idmançı Kamil Zeynallı deyib.
O bildirib ki, təki idmana həvəs göstərənlərin sayı getdikcə də artsın, insanlar pis vərdişlərdən, artıq-əskik hərəkətlərdən uzaq olsunlar:
"İdmana marağın yaranması çox yaxşıdır. Sosial şəbəkələrdə müəyyən qədər izləyici kütləsi olan şəxslər də idmanın təbliğatını aparırlar. "İnstagram" və "Tik-Tok"da idman zallarından fotolar, videolar paylaşırlar. Yaşından asılı olmayaraq, hamı idmana yönəlməli, sağlamlığının qeydinə qalmalıdır. İdman əziyyətlidir. İnsan bir az məşq edib, fərqi görəndən sonra daha da həvəslənir. Əziyyətini kameraya çəkib, ətrafına da fərqi göstərmək istəyirlər. Göstəriş ətrafı da idmana cəlb edir".
Qeyd edək ki, son vaxtlar idmana maraq artıb. Az qala hər gün sosial şəbəkə hesablarında idman zallarından çəkilən foto və videolarla qarşılaşa bilərik. Bəzən bu paylaşımlar insanları qıcıqlandırır. Çəkilişlərin göstəriş üçün olduğu, "qonşudan qalma geri" xatirinə paylaşıldığı deyilir. Lakin unutmayaq ki, idman sağlamlığın rəhnidir.