"Sarı yara" xəstəliyi yayılıb

İmpetiqonun yaranmasına əsas istilik və tərləmə şərait yaradır

 
 Hazırda uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri "Sarı yara" xəstəliyidir. 

Pediatr Xəyalə Nağıyeva “Sherg.az”a açıqlamasında deyib ki, El arasında “sarı yara”  kimi tanınan bu xəstəliyi stafilokokk və streptokokk mikrobları törədir. Onun sözlərinə görə, sarı, içisulu yaralarla müşayiət olunan bu dəri xəstəliyi uşaqlarda xüsusən ağız, burun ətrafında, qulaq seyvanı, arxası büküşlərdə, əllərdə, ayaqlarda, barmaq aralarında yaralar kimi görünür: “Yaranan yaralar 0.5sm-dən kiçik olur, qısa zamanda açılır, içindəki maye ətraflara yayılır və yara yeri sarı-qəhvəyitəhər qaysaqla bağlanır, bundan sonra isə 5-7 günə yeri qızarır və artıq sağalmağa doğru gedir.

  İmpetiqo xəstəliyi daha çox şəkər qəbul edən, nəm, immuniteti zəif, diabet xəstəsi olan, evi isti olan, eqzema/dermatiti olan, isti geyindirilən, çox tərləyən uşaqlarda, körpələrdə çox rast gəlinir. İmpetiqonun yaranmasına əsas istilik və tərləmə şərait yaradır. Məsələn, körpələrin bələnməsi, əlcək, papaqda saxlanması, qalın geyindirilməsi, otağın 24°-dən isti olması, uşağın bədəninin nəmli, tərli qalması, gec-gec yuyundurulması, həşərat dişləmələrindən qorunmaması və s. "Sarı yara" xəstəliyinin yaranmasına əsas səbəblərdir. Diaqnoz qoyulduqdan sonra müalicəsi xəstəliyin tipinə və əlamətlərinə görə təyin edilir”.