Məlumatlara görə, gün ərzində 2 qutudan artıq siqaret çəkənlər arasında hər 7 nəfərdən 1-i ağ ciyər xərçənginə yaxalanır. Lakin siqaret çəkməyənlər arasında da ağ ciyər xərçənginə rast gəlinir. Mütəxəssislər bunun 2 ən mühüm səbəbini açıqlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, döş qəfəsi cərrahı, türkiyəli həkim Adnan Sayar bu barədə danışıb. Həkim qeyd edib ki, siqaret çəkməyənlər üçün siqaret tüstüsü çox təhlükəlidir. Siqaret çəkilən məkanlarda tüstü həmin məkanın divarlarına hopur, alt qatlarda, zirzəmilərdə toplaşıb qalır. Siqaret çəkməyən insan bu məkanlara daxil olduqda, orada əyləşdikdə həmin tüstü nəfəs borusu vasitəsiylə onun da ağ ciyərlərinə yayılır. Siqaret çəkməyənlər siqaret tüstüsündən özlərini qorumalıdır. Məlumdur ki, siqaret dumanı uzun müddət havada qalır. Bu da yaxınlıqdakı insanların zəhərlənməsi üçün yetərlidir. Siqaret çəkməyənlər, lakin siqaret aludəçisiylə yanaşı olanlar passiv siqaret çəkənlər təbəqəsinə aiddir. Passiv təbəqənin siqaret dumanından təsirlənməsi isə daha tez baş verir. Siqaret çəkmək qədər siqaret dumanının təsiri altında olmaq da təhlükəlidir.
Bu səbəblə siqaret çəkilən məkanlarda havalandırma sistemi mütəmadi işləməli, məkanın atmosferində siqaret dumanının qalmamasına diqqət edilməlidir. Mənzillərdə də həmçinin. Əgər ailə üzvlərindən biri tütün istifadəçisidirsə, ən yaxşı qorunma üsulu onun siqareti eyvanda, yaxud mənzildən kənarda çəkməsidir. Siqaret dumanının mənzildə toplaşıb qalmasına imkan verilməməlidir. A.Sayar qeyd edib ki, bəzi bölgələrdə köhnə tikililər, qayalar, mağaraların içi oyularaq iaşə obyekti formasına salınır və müştəri qəbul edilir. Bu cür məkanlarda radon qazının miqdarı çox ola bilər. Radon qazı da ağ ciyər xərçənginə səbəb olur. Doktor mütəmadi tibbi müayinədən keçməyi də məsləhət görüb: “Xərçəng xəstəliyi genetik də ola bilər. Əgər ailə üzvləri arasında xərçəngə tutulmuş şəxslər varsa, ehtiyatlı olmaq və mütəmadi müayinə olunmaq lazımdır. Bu, xərçəngin erkən diaqnozuna və müalicənin də tez başlanmasına kömək edir”.