Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.
Xatırladaq ki, Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir.