Arıq ən yaxşı hesab olunur
Ətrafımızdakı insanlar qəbul etdiyimiz qidanın yaxşı və ya pis olduğu, qidalanmanın düzgün olub-olmadığı barədə məsləhət verməyə meyillidir. Öz iradəsi və məlumatlılıq səviyyəsi ilə deyil, məhz başqalarının dediyi ilə oturub-duranlar qida rasionlarını tez-tez dəyişir, hər məsləhətə qulaq asmaqla həyatlarını da daha da zorlaşdırırlar. Mütəxəssislər bəlli bir dieta mədəniyyətinin mövcud olduğunu bildirir və arıqlamaq, artıq çəkilərdən xilas olmaq istəyənlər üçün faydalı resept – həyat dərsi təqdim edir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, dieta mütəxəssisləri artıq hesab olunan çəkinin, heç də hər zaman həqiqətən də artıq olmadığını, arıqlamaq istəyənlərin bu yöndə çox vaxt ciddi səhvlərə yol verdiyini açıqlayır. Arıq olmaq heç də hər zaman müsbət, kök olmaqsa mənfi hal deyil. Dieta mədəniyyəti əslində, qidaların düzgün təsnifatlanması, insanın düzgün bir şəkildə qidalanmasıdır. Bir çox hallarda insanlar, xüsusən də xanımlar, “daha gözəl, cazibəli görünmək” üçün arıqlamaq istəyir və sağlamlığa ziyan vuracaq dieta tətbiqini görməzdən gəlir. Bu yanlış davranış və psixoloji basqıdan qurtulmaq mümkündür. Bunun üçün ilk növbədə hər fürsətdə dieta, arıqlamaq söhbətləri etməkdən vaz keçilməlidir. Bu mövzuda söhbət etməyi, danışmağı, öz fikirlərini başqalarına yeritmək istəyən insanlardan uzaq durmaq lazımdır. Orqanizm ən doğru seçim edəndir və o, lazımlı olanı insana özü diktə edir. Doğru bir şəkildə qidalanmaq istəyirsinizsə, öncə daxili aləminizə qulaq verməli, içinizdən gələni duymalısınız. Nə zaman yemək lazımdır, nə yemək lazmdır, orqanizm özü deyir. Ona görə də “bu ərzaqlardan uzaq durum”, “bu ərzaqlardan istifadə edin”, kimi qəliblərdən uzaqlaşmaq və bədənin istək və ehtiyaclarına qulaq asmaq lazımdır. Əsas şərtlərdən biri, fiziki sağlamlıq, hərəkətlilikdir. Hərəkətsizlik artıq çəkinin əmələ gəlməsinə, eləcə də, sağlıq problemlərinin yaranmasına səbəb olur. Bunlar olmasın deyə fiziki aktivlik şərtdir. Sosial mediadan uzaq durmaq, aldığınız ərzaqları, yediyiniz qidanı kateqoriyalara bölmək, hansının daha az yağlı, hansının çox yağlı olduğunu, vitamin bolluğuna görə sinifləndirməkdən vaz keçin. Bunlar insanı yorur və hər cür nemətə şübhə ilə baxan birisinə çevirir. “Dieta mədəniyyəti”ndən uzaqlaşmaq bəlli vaxt apara bilər. Əsas odur ki, təslim olmayasan və vərdişlərdən imtina etməyi bacarasan. Özünüzə qarşı anlayışlı davranın, özünüzə güvənin.