Azərbaycanda yoluxma halları artır
Bakıda daha bir uşaq qızılcadan dünyasını dəyişib.
Hadisə Sabirabadda qeydə alınıb. TƏBİB-dən bildirilib ki, 1 yaşlı uşağın xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub: “2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib". TƏBİB-dən o da bildirilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub, valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.
Qeyd edək ki, ötən gün də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılcadan vəfat edib.
Son zamanlar qızılcaya yoluxmaların kütləvi xarakter alması və ard- arda uşaq ölümlərinin qeydə alınması cəmiyyətdə, xüsusən də valideynlər arasında ciddi narahatlığa səbəb olub.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova isə deyib ki, son dövrlərdə qızılcaya yoluxma halında artım təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Son dövrlərdə qızılcaya yoluxmada artımın müşahidə edilməsinə səbəb COVID-19 pandemiyası dövründə uşaqların qızılcaya qarşı peyvəndləmədən kənarda qalmalarıdır”. Onun sözlərinə görə, 5 yaşına qədər uşaqlar, 20 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olanlardır: “Ağırlaşmalar da daha çox bu qrupa aid olanlarda müşahidə edilir. Qızılcaya yoluxma müşahidə edildiyi zaman mütləq həkimə müraciət etmək, ağırlaşma olduğu hallarda stasionar müalicəyə başlamaq lazımdır”.
O deyib ki, peyvənddən öncə həkim konsultasiyası olmalıdır: "Vaksinasiya otaqlarında təkmilləşdirmə işləri aparılıb, “soyuq zəncir” sisteminin gücləndirilməsinə nəzarət edilir. Peyvəndlər konsultasiyadan sonra ağırlaşma halları olmayacağı təqdirdə vurulur. Peyvəndin istehsal olunduğu ölkəyə yox, onun gətirilmə qaydasına, saxlanma şəraitinə baxmaq lazımdır. Bununla bağlı bütün tələblərə əməl edilir. Qızılcaya qarşı peyvənd hamilələr, immuniteti ilə bağlı xəstəlikləri ağır keçirən şəxslər, peyvəndin hansısa komponentinə qarşı yüksək allergik reaksiya varsa, bu şəxslər üçün əks göstərişdir”.
Mövzuyla bağlı “Sherg.az"a açıqlama verən Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə mütəxəssisi Vasif Əliyev isə deyib ki, qızılcanın spesifik müalicəsi olmadığı üçün yalnız simptomatik müalicə aparılır: “Qızılcaya yoluxan uşaqların ağırlaşma ehtimalı olduğuna görə xəstələr xəstəxana şəraitində müalicə almalıdır. Qızılca zamanı ikincili bakterial infeksiyalarla ağırlaşmalar daha çox müşahidə edilir. Xüsusilə böyük insanlar bu xəstəliyi daha ağır keçirirlər. Onlar xəstəxana şəraitində və həkim nəzarətində olmalıdırlar ki, xəstəlik ağırlaşmasın”.
Mütəxəssis qızılcanın hava-damcı yolu ilə yayılan virus infeksiyası olduğunu xatırladıb: “O ki qaldı profilaktikaya, bu, yalnız peyvənd olunmaqla aparıla bilər. Qızılcanın başqa profilaktikası gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, xəstə insanlarla təmasdan qaçmaqdır. Amma ən önəmlisi peyvənd olunmaqdır. Qızılca peyvəndi uşaqlara 1 və 6 yaşlarında olmaqla 2 dozda vurulur. Bilirik ki, rutin peyvənd protokolu bütün uşaqlarda aparılır. Onların içərisində qızılca da var. Peyvənd insanlarda qızılcaya qarşı qoruyuculuq yaradır. Hansı valideyn uşağını vaxtında peyvənd etdirməyibsə, həmin uşaqlar hazırda risk altındadır. Qızılcalı xəstə ilə təmasda olduğu zaman onlar asanlıqla yoluxa bilirlər. Hazırkı epidemioloji vəziyyəti nəzərə alaraq uşaq vaxtı peyvənd olunmayan böyük insanların da peyvəndlənməsi tövsiyə olunur. Onlar üçün də qızılca peyvəndi 2 dozda aparılır. İlk vaksinasiyadan 28 gün sonra 2-ci doz vurulmalıdır. Hazırda respublika ərazisində fəaliyyət göstərən poliklinikalarda qızılca peyvəndi mövcuddur. Arzu edən hər kəs gedib vaksin oluna bilər. Lakin bədən müqaviməti aşağı olan insanlar və hamilə qadınlar üçün qızılca peyvəndi əks göstərişdir.
Zamanında iki doza vaksin olunan insanlarda təkrar vaksinasiyaya ehtiyac görülmür. Yəni o, ömrü boyu öz antitelini saxlayır".