Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.
Qeyd edək ki, analoji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Onu da qeyd edək ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".
Pediatr Aytən İsmayılzadə isə hesab edir ki, qızılca yayılan məktəblər onlayn dərs rejiminə keçməlidir.
Əlavə olaraq da pediatr qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq hazırda peyvəndləmə məcburi olmalıdır və önə çəkilməlidir. 1 yaşda olan peyvənd 10 aydan etibarən, 6 yaşdakı peyvənd isə 4 yaşdan edilməlidir: “Yəni hazırda 5 yaşlı uşaq da ikinci dozasını almaq istəyərsə, əlbəttə, poliklinika etiraz edəcək ki, hələ 6 yaşı tamam olmayıb. Çünki əllərində olan cədvəldə qayda belədir. Qaydanı dəyişmək vaxtıdır. Beləcə, çox sayda uşaq, 4-6 yaş arası uşaqlar artıq ikinci dozasını da almış olacaq. Məcburi o demək deyil ki, gəlib evinizdə tutub edirlər. Sadəcə peyvəndsiz uşaqlar kollektivə, xüsusən də bağça və məktəblərə buraxılmasın. Necə ki, pandemiya dövründə xaricə getmək istəyənlərdən peyvənd tələb edilirdi. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, 15 yaşına kimi uşaqlara peyvənd vurula bilər. Amma say hesabı buna cavab vermir. Yəni poliklinikalarda həm 6 yaşına kimi, həm də 15 yaşa kimi uşaqlara çatacaq qədər peyvənd olmaya bilər. Deyilənə görə, dekabr əvvəli böyüklər üçün nəzərdə tutulan iki komponentli ( qızılca + məxmərək) QM peyvəndi gəlir. 12 yaş üzəri uşaqlara da bundan etdirə bilərsiz.
Hamiləlik zamanı qızılcaya qarşı peyvənd olmaz. Peyvənd vurulduqdan üç ay sonraya isə hamiləlik planlana bilər. Onu da deyim ki, qızılca əleyhinə peyvənd ölü peyvənd deyil, ona görə də ilk 21 gün ərzində xəstəliyin yüngül əlamətləri də görünə bilər. Həm də qızılca peyvəndi tək deyil. Ora həm də məxmərək və parotit əlehinə peyvəndlər daxildir”.