Ən çox şikayətlərdən biri göz qapaqlarında ağrıların olmasıdır
Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib.
Nazirlikdən “Sherg.az”a bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur: “Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”.
Son günlərdə qızılca virusunun yayılmasında ciddi artım müşahidə edildiyini vurğulayan infeksionist-həkim Namiq Nəbiyev isə qızılcaya yoluxan şəxslərin əməl etməli olduğu nüansları açıqlayıb.
Onun sözlərinə görə, ilkin olaraq infeksiya əsasən 37 dərəcə temperaturla müşahidə edilir: “Xəstədə üşütmə, titrəmə, yeməyə qarşı həssasiyyət, iştahasızlıq yaranır. Xəstə özünü çox yorğun hiss edir. Ən çox şikayətlərdən biri də göz qapaqlarında ağrıların olmasıdır. Və 6-8 saat sonra xəstədə müəyyən nahiyələrdə səpkilər müşahidə oluna bilər. Bu səpkilər ən çox yuxarı nahiyələr - döş qəfəsi, sinə, boyun hissədə başlayaraq getdikcə artaraq üzdə gözlə görünə biləcək dərəcədə artır. Qızılca zamanı qidalanmaya diqqət etmək vacib şərtdir. Bu zaman dietik qidalanmaya üstünlük verilməli və bol maye qəbul olunmalıdır. Həmçinin qızılcaya yoluxan şəxslərin insanlarla kontaktı minimuma endirilməli, istifadə etdiyi əşyalar dezinfeksiya olunmalıdır. Sözügedən xəstələrdə işığa qarşı həssasiyyət yarandığı üçün xəstənin otağı zəif işıqla işıqlandırılmalı və həkim nəzarətində müalicəsi davam etdirilməlidir”.
İnfeksionist bunlarla yanaşı, qızılca xəstəliyinin uşaqların sağlamlığı üçün ciddi təhlükə olmasını diqqətə çatdıraraq qızılcaya qarşı peyvəndləmənin önəmini xüsusi vurğulayıb.