Xəstəyə mütləq ixtisaslı həkimlər nəzarət etməlidir
“Qızılca ilə bütün yaşlarda xəstələnmə olur. 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir”
Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyətin stabil olduğunu bildirib.
Qurum rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, qızılcaya yoluxma halları ilə bağlı vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır: "Vətəndaşların müraciətlərinə əsasən, infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyətinə uyğun olaraq tədbirlər görülür".
V.Qurbanovun sözlərinə görə, qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir. Xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var: “Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.
TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib: “Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğunu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.
Qeyd edək ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Tibbi ədəbiyatlarda isə qeyd olunub ki, uşaqlarda qızılca müalicəsi simptomatikdir. Bu kəskin xəstəliyə səbəb olan virusa təsir edə biləcək bir dərman hələ yoxdur.
Gözün iltihabı üçün damcılar təyin edilir. Yüksək temperaturda - sirop və ya parasetamol, ibuprofen süpozituarları. Qarqara üçün antiseptik məhlullar təyin olunur. Başqaları üçün infeksiya mənbəyinə çevrilməmək üçün yataqda qalmaq, daha çox maye içmək və çölə çıxmamaq vacibdir.
Xəstəliyin gedişatı ev şəraitində olsa da, həkim nəzarəti altında olmalıdır. Ağırlaşma halları baş verərsə, immunitet zəifliyi zamanı bu hallar baş verə bilər (Ağciyər və tənəffüs yolları zədələnərsə), pnevmaniya (sətəlcəm) müalicə xəstəxanada aparılır. Antibiotiklər, immunomodulyatorlar, venadaxili məhlullar və kortikosteroidlər istifadə olunur. Xəstəliyin müalicəsi üçün nəzərdə tutulmuş tibbi təyinat yoxdur, amma müasir tibdə təhlükəni sovuşdurmaq üçün müəyyən tədbirlər görülməkdədir.
Terapevt Çinarə Səfərova isə əlavə edib ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: “Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.
Əgər ana qızılca keçiribsə, 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşağın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə, körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.
Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4-cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq (yoluxdurma indeksi 95-96 faiz) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyildir. Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikincili infeksiyalarda ağırlaşmalar ola bilər. Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır”.