Vətəndaşlar çaş-baş qalıb: Qızılcaya qarşı Belçika peyvəndi daha zərərsizdir, yoxsa Hindistan peyvəndi? 

  Qızılca xəstəliyinin sürətlə yayılması ilə bağlı ölkədə ciddi narahatlıq var. Səhiyyə qurumları xəstəliyin bu cür sürətlə yayılmasının əsas səbəbi kimi əhalinin bir qismini peyvənddən yayınma hallarının olması ilə əlaqələndirir. 
  Peyvənddən imtina edən valideynlərin bir qismi bunu uşaqlarının peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Digərləri isə ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olduğunu iddia edir. Bu iddialar  xüsusən də dövlət poliklinikalarında istifadə olunan vaksinlərlə bağlı səsləndirilir. Qeyd olunur ki, özəl klinikalarda vurulan Belçika peyvəndi, dövlət poliklinikalarında tətbiq edilən Hindistan istehsalı peyvənddən daha keyfiyyətlidir. 
Elə buna görə də bəzi valideynlər dövlət xəstəxanalarındansa, uşaqlarını özəl xəstəxanalarda peyvənd etdirməyi üstün tuturlar. 
  Bakı Sağlamlıq Mərkəzi İnfeksiyaya nəzarət və profilaktika şöbəsinin rəhbəri Ləman Qalimova isə deyib ki, Azərbaycanda əsasən fərqli istehsalçılar tərəfindən hazırlanan, lakin eyni tərkibə malik iki növ vaksindən istifadə olunur.
O bildirib ki, peyvəndlər ölkəyə gətirildiyi anda xüsusi laboratoriyalarda araşdırılır və təhlükəsizliyinə, etibarlılığına zəmanət verilir. Vətəndaşlarımız düşünürlər ki, Belçika vaksini daha üstündür, çünki Avropadan gətirilib. Amma hər iki vaksinin tərkibi eyni olduğundan, keyfiyyəti də oxşardır. İnfeksionist vurğulayıb ki, hazırda yayılan qızılca xəstəliyi ilə əlaqədar Hindistan və Belçika vaksinlərindən istifadə olunur.
  
İxtisasca həkim olan millət vəkili Müşfiq Məmmədli isə hesab edir ki, peyvəndin hansı ölkədə istehsal olunması, keyfiyyət göstəriciləri olduqca mühüm amildir.
Onun fikrincə, Hindistan peyvənd istehsalında kifayət qədər qabaqcıl texnologiyalara və təcrübəyə sahibdir: “Avropanın bəzi ölkələrində də bu istiqamətdə mühüm addımlar atılıb. Peyvənd istehsalında qabaqcıl texnologiya, zəngin təcrübə böyük əhəmiyyət kəsb edir. Çünki bu böyük bir tədqiqatlar zənciridir. Mütəxəssislər, texnoloqlar, bir günün, iki günün ərzində yetişmirlər. Ona görə də burada istehsal ənənəsinin olması vacibdir. Hazırda da qeyd olunan ölkələr bu sahədə böyük təcrübəyə malikdirlər. Əgər biz ABŞ və Kanadanı müqayisə etsək, amerikalıların kifayət qədər texnologiyalara malik olduğunu hər kəs etiraf edə bilər. Lakin Kanadada peyvəndlərin istehsalı ABŞ-dən daha irəli səviyyədədir. Çünki burada ənənələr, müəyyən tibbi potensial var. Biz məsələyə bu prizmadan yanaşmalı, doğru seçim etməliyik. Önəmli olan təminatı təşkil etməkdir”.
  
Pediatr Aytən İsmayılzadə isə valideynlərin Belçika peyvəndini Hindistan peyvəndindən daha zərərsiz, daha qoruyucu kimi düşünməsini absurd hesab edir. 
O, Hindistan istehsalı olan peyvəndlərə qarşı "əsassız ajiotaj" olduğunu düşünür. Pediatr “Şərq”ə açıqlamasında bu vaksinə qarşı inamsızlıq və narazılıq üçün heç bir əsas olmadığını əlavə edib: “Hindistan peyvəndi zəncəfil və darçın deyil. Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi peyvənddir. Peyvəndin keyfiyyətini onun hansı ölkədə istehsal edilməsi müəyyən etmir. Əvvəldən verilən resept müəyyən edir. Bu resepti isə ÜST verir. Üstəlik də, Hindistan Serum İnstitutu Pvt. Ltd. hazırda dünyada istehsal edilən və satılan vaksin  dozalarının sayına görə (1,5 milyard dozadan çox) dünyanın ən böyük peyvənd istehsalçısıdır ki, bura polio peyvəndi, difteriya, tetanus, göyöskürək, Hib, BCG, r-Hepatit B, qızılca, parotit, məxmərək, pnevmokok kimi peyvəndlər daxildir”.