Qızılca ilə zarafat etmək olmaz

Vaksinasiya məcburi şəkildə həyata keçirilməlidir

“Vahid mərkəz yaranmalıdır. Ciddi nəzarət olunmalıdır. Bu, ayrı-ayrı şəxslərin arzusu ilə həyata keçirilə bilməz”


  Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb.
Nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib ki, qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndlənmədi.
O bildirib ki, qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir: "Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür.
  Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.
  Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər.
  Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlara tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur.
  Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir".

  Professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında deyib ki, tək Azərbaycanda yox, qızılca xəstəliyinin yayılma tendensiyası bütün dünyada müşahidə edilir. Şübhəsiz bu artım  təkcə  vaksindən yayınma ilə əlaqədar olan bir tendensiya deyil. Hər halda dünyanın aparıcı profilaktika mərkəzləri tərəfindən yoluxmanın səbəbi araşdırılır və yəqin ki, nə zamansa bu barədə ÜST öz rəyini verəcək:

“Fikrimcə, uzun müddət davam edən koronavirus pandemiyası ilə bağlı immun sisteminin təlatümləri, qızılca virusunun özünün xassə dəyişiklikləri də burada rol oynaya bilər. Sözsüz ki,  peyvənddən yayınmaların da təsiri yox deyil”.

Professorun sözlərinə görə, dünyadakı proseslərdən fərqli olaraq Azərbaycanda yoluxmanın artması peyvənddən yayınmalarla daha çox bağlıdır.  Əksər valideynlər imtina ərizəsi yazmaqla övladlarını rutin peyvəndlərdən yayındırıblar:
 “Buna da səbəb kimi peyvəndlərin  müxtəlif xəstəliklər yaratması, keyfiyətinin zəif olmasını göstərirlər. Əvvəla, onu deyim ki, bütün peyvəndlər ölkəyə eyni mənbədən daxil olur. Bu peyvəndlərin hər biri də Ümumdünya Səhiyyə Təşkilatının Reyestrinə daxil olan yüksək keyfiyyətli vaksinlərdir. İstehsalçı ölkənin Hindistan, yaxud Belçika olmasının heç bir fərqi yoxdur. Həm də dərman istehsalına görə  kifayət qədər inkişaf etmiş ölkə olan Hindistanla bağlı bu cür iddiaların səsləndirilməsi absurddur. Hindistan həm təbabətinə, həm kibernetikasına, rəqəmsal elmlərinə görə aparıcı ölkələr sırasında yer alıb. Koorporativ maraqlara xidmət edən qüvvələrin valideynləri aldatması xoşagəlməz haldır. Milli təqvim proqramı ilə Azərbaycana daxil olan bütün vaksinlər beynəlxalq standartlara cavab verir. Valideynlər bunu birmənalı dərk etməli və uşaqlarının  sağlamlığını koorporativ maraqlara qurban verməməlidir. Hesab edirəm ki, məsul olan qurumlar bununla bağlı vacib və icbari tədbirlər görməli, vaksinasiya məcburi şəkildə həyata keçirilməlidir. Vahid mərkəz yaranmalıdır. Ciddi nəzarət olunmalıdır. Bu, ayrı-ayrı şəxslərin arzusu ilə həyata keçirilə bilməz. İmtina ərizələri ciddi əsaslar olmadıqda qəbul edilməməlidir. Ciddi səbəb uşağın müxtəlif antibiotiklərə və anaflaktik reaksiyalara allergiyası hesab oluna bilər. Bunlar varsa, yoxlanılmalıdır. Əks halda hamı icbari qaydada vaksinasiya olunmalıdır. Yoluxma bütün vaksinasiya olunmayan uşaqları tuta bilər. Vaxtında tədbirlər görülsə, infeksiya yerində lokallaşdırıla bilər. Zəruri tədbirlər görülməlidir. Bu uşaqlar təqvim üzrə yox, epidemioloji vəziyyəti nəzərə alinaraq önə çəkilməklə vaksin olunmalıdırlar”.