Qızılca diaqnozu qoyulan uşaqlar xəstəxanada olmalıdır
Digər xəstəliklər, bakterial infeksiyalar da varsa valideynlər vaxtında həkimə müraciət etməlidir
Azərbaycanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə ölən 4 yaşlı uşaqla bağlı məlumat açıqlayıb.
Qurumdan bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib: "Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".
Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində qızılca virusu məktəblərin distant təhsilə keçməsinə səbəb olub, əhali arasında peyvəndləşdirmə prosesi genişləndirilir.
Azərbaycanda məktəblilər arasında da qızılcaya tutulanların sayının getdikcə artması, ölüm faktları, bəzi siniflərin distant təhsilə keçməsi təhlükənin miqyasının genişləndiyini göstərir. Analoji vəziyyət Azərbaycanla qonşu ölkələrdə, xüsusilə Rusiyada daha çox nəzərə çarpır. Rusiyalı epidemioloqlar virusun əsas daşıyıcılarının Mərkəzi Asiya ölkələrindən gələn əmək miqrantları olduqlarını bildirirlər.
ÜST-nin Avropa üzrə Regional direktoru Hans Klyuge xəbərdarlıq edib ki, təcili tədbirlər görülməzsə, bu tendensiya davam edəcək: “Biz regionumuzda qızılcaya yoluxma hallarının sayının otuz qat artımını müşahidə edirik, təxminən 21 min nəfər xəstəxanaya yerləşdirilib, beş nəfər ölüb. Bu, narahatçılıq doğurur. Vaksinasiya uşaqların bu potensial təhlükəli xəstəlikdən qorunması üçün yeganə yoldur. İnfeksiyanın ötürülməsini dayandırmaq və onun sonrakı yayılmasının qarşısını almaq üçün təcili olaraq vaksinasiya ilə bağlı tədbirlər görmək lazımdır. Bütün ölkələrin qızılcanın eliminasiyası işində əldə edilən nailiyyətləri təhlükə altına qoyan xəstəliyə yoluxma hallarını operativ şəkildə aşkar etməsi və onlara vaxtlı-vaxtında reaksiya verməyə hazır olması çox vacibdir. Vaksinasiya ilə bağlı boşluqların mövcud olduğu yerdə bütün yaş qruplarının məruz qalacağı xəstəliyə yoluxma halları baş verə bilər. 2023-cü ildə qızılca bütün yaş qrupları arasında yayılır, eyni zamanda ölkələr arasında xəstəliyin yaş strukturunda əhəmiyyətli fərqlər qeyd olunur”.
Üst nümayəndəsi deyib ki, yoluxma hallarında bu cür artım əsasən Avropa regionu ölkələrində 2020–2022-ci illərdə vaksinasiya prosesinin zəifləməsi ilə izah olunur. COVID-19 pandemiyası bu dövrdə immunizasiya sistemlərinin səmərəliliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı, bu da öz növbəsində vaksinasiyadan keçməmiş və ya tam keçməmiş uşaqların sayının artmasına səbəb oldu: “Daxili və beynəlxalq nəqliyyat əlaqələrində məhdudiyyətlərin, eləcə də, COVID-19 pandemiyası şəraitində tətbiq edilmiş epidemiya əleyhinə tədbirlərin ləğv edilməsi qızılcanın transsərhəd yayılması və onun yerli icmalar səviyyəsində, xüsusilə peyvənd olunmamış və ya tam peyvənd olunmamış əhali arasında ötürülməsi riskini artırıb. Xəstəliyə yoluxma halları bundan əvvəl qızılcanın endemik xəstəlik kimi eliminasiyası barədə elan etmiş bir çox ölkələrdə qeydə alınıb. Bütün yerli icmalarda uşaq yaşında planlı vaksinasiyanın sabit yüksək göstəriciləri təmin olunmazsa (ən azı 95 faiz) və virusun başqa ölkələrdən idxal ediləcəyi təqdirdə, qızılcanın eliminasiyasına nail olmuş ölkələr hələ də ciddi nəticələrə səbəb olan geniş yayılma riski altındadır”.
Mütəxəssislər isə hesab edir ki, valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına və ağırlaşmalara gətirib çıxarır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan pediatr Qoşqar İsmayılov da deyib ki, qızılca diaqnozu qoyulan uşaqlar vəziyyətin ağırlığından asılı olaraq xəstəxana şəraitində müalicə almalıdır:
“Vəziyyəti stabil olanlar isə evdə ambulator müalicə ala bilər. Qızılca ilə yanaşı digər xəstəliklər, bakterial infeksiyalar da varsa valideynlər vaxtında həkimə müraciət etməlidir. Qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər. Xəstəlik boğaz şişkinliyi, boğaz ağrısı kimi kataral əlamətlərlə başlayır. Sonra səpkilər yaranır, səpkilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpki olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Bir daha qeyd edim ki, qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Qızılcadan ölüm halları əsasən ağırlaşmalar olduqda baş verir. Belə ki, vaxtında həkimə müraciət etmədikdə xəstəlik pnevmaniyaya və meningitə səbəb olur”.
Qızılcadan qorunmaq üçün ən önəmli faktor isə vaksinasiyadır:
“Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Uşaqlar 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya olunmalıdırlar”.
Qeyd edək ki, qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Yoluxma hava-damcı yolu ilə baş verir. Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də, onun fəsadlarından qorunmaq mümkündür. Peyvənd təqviminə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar".