Bir çox hallarda bu xəstəliyi qrip və ya COVID-19 virusu ilə səhv salırlar
Vasif Əliyev: “Ona görə də virusa yoluxan insanlara ilk növbədə izolyasiya tövsiyə edirik. Azərbaycanda infeksionistlərin yox, infeksion şöbələrin sayı azdır”
Hazırda Azərbaycanda da digər ölkələrdə olduğu kimi, yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, bir çox yoluxucu xəstəliklər baş qaldırır: “Qripin ağır növləri yayılmağa başlayıb. Qızılca ilə bağlı problem yaşanır". Komitə sədri qeyd edib ki, yoluxucu xəstəliklər daim nəzarətdə olmalıdır: "Nəzarət bir qədər zəifləyəndə xəstəlikdə alovlanma baş verir. Hər hansı yoluxucu xəstəliyin səngiməsi onun tamamilə sıradan çıxması demək deyil. Yəni xəstəlik hər zaman geri qayıda bilər. Ona görə də bu sahədə fəaliyyət göstərən qurumlar daim ciddi tədbirlər görməlidirlər. Ümumilikdə yaz sessiyası müddətində aidiyyəti qurumların iştirakı ilə Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov isə mövcud sahədəki kadr çatışmazlığına toxunub: “Hazırda Azərbaycanda yoluxucu xəstəliklər sahəsində çalışan həkim qıtlığı var. Bu sahədə peşəkar kadrların hazırlanması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır. Problem əsasən də regionlarda müşahidə olunur”.
İnfeksionist-həkim Vasif Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, qış aylarında infeksion xəstəliklərin, xüsusən də respirator infeksiyaların artması təbii haldır. Hazırda da bu qəbildən olan xəstəliklərə yoluxmalar aşkar olunur. Lokal yerlərdə Hepatit A virusuna yoluxma halları da müşahidə edilir.
“Lakin paralel olaraq da qızılca virusuna yoluxmalarda kəskin artım var. Bu da əhalinin peyvəndən yayınması ilə bağlıdır”.
Ölkədə epidemioloji vəziyyətin nəzarət altında olduğunu vurğulayan infeksionist deyib ki, qızılca xəstəliyinə yoluxan pasiyentlər həm ev, həm də xəstəxana şəraitində müalicə alır. Yüksək yoluxma qabiliyyətinə malik olan qızılca təmas halında 90/100 yoluxdurur. Bir çox hallarda qrip və ya COVID-19 virusu ilə səhv salınan qızılcaya yoluxma faktı həm uşaqlar, həm də böyükləri əhatə edir. Yüksək hərarət və digər əlamətlərlə müşaiyət olunan xəstəlikdə səpkilər üzə çıxandan sonra qızılca olduğu müəyyən edilir. Ona görə də virusa yoluxan insanlara ilk növbədə izolyasiya tövsiyə edirik. Ən etibarlı yol isə vaksinasiyadır”.
Yoluxucu xəstəliklər sahəsində çalışan həkim qıtlığına gəldikdə isə V.Əliyev deyib ki, infeksionistlərin yox, infeksion şöbələrin sayı azdır: “Yoluxucu xəstəliklərlə bağlı xidmət göstərən xəstəxanaların sayı çox azdır. Bu istiqamətdə faktiki olaraq bütün yük 1 saylı Kliniki Tibbi Mərkəzin üzərindədir. Sabunçu 3 saylı şəhər klinik xəstəxanası isə təmirdə olduğu üçün xəstə qəbul etmir. KTM-də boş yer olmayanda xəstələr Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilir. Ona görə də problemi infeksionist həkim qıtlığı kimi yox, xəstəxanalarda infeksion şöbələrin azlığı kimi qabartmaq daha düzgün olar. İnfeksion şöbə az olandan sonra həkimlərin sayının az, çox olmasının bir əhəmiyyəti qalmır. Bakıda fəaliyyət göstərən xəstəxanaların əksəriyyətində virus infeksiyalarına yoluxmuş xəstələrə qulluq edən infeksion şöbələr yoxdur. Yoluxucu xəstələrin hamısı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edir. Orada isə nə qədər çarpayı sayı var ki!?”.