Qış aylarında immunitet zəifləyir
Son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.
Mütəxəssislər isə qeyd edir ki, bu mövsümdə kəskin respirator virus infeksiyalarının artması gözlənilən haldır. Bunun əsas səbəbi bu aylarda immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.
Qeyd edək ki, payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir.
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva isə deyib ki, kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir: "İnfeksion toksikozun ümumi əlamətləri və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunan KRVİ-na qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir. Bununla yanaşı, hava-damcı infeksiyalarına meninqokok, göy öskürək, məxmərək, epidemik parotit, suçiçəyi aiddir.
KRVİ əsasən uşaqlarda müşahidə olunur. İlk 3 ayında olan uşaqlar anadan aldıqları passiv immunitetin nəticəsində nadir hallarda xəstələnirlər. Çünki adətən təcrid şəraitində olurlar və onlarda anadan keçən immunoqlobulinlərin hesabına passiv immunitet saxlanılır. Anadangəlmə immunitet zəif olduqda, bu uşaqlar da xəstələnə bilərlər.
Təkrar xəstələnmə halları uşağın inkşafına təsir edə bilər. Bu, uşaq orqanizminin immun sisteminin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
KRVİ xəstəliyinin əlamətlərinə gəldikdə isə pediatr deyib ki, kəskin respirator virus infeksiyaları zamanı hərarətin yüksəlməsi, əzginlik, halsızlıq, əzələ və oynaq ağrıları, başgicəllənmə, iştahsızlıq, yuxu pozğunluğu, ürək bulanma, qusma, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və burun qanaxması, huşun qısamüddətli itməsi, meningial əlamətlər, ənsə əzələlərinin gərginliyi, sklera damarlarının həssaslığı kimi simptomlar müşahidə oluna bilər. Eyni zamanda yumşaq damaqda kiçik papulyoz enantema, qansızmalar, damaq badamcıqlarında ödəm ola bilər. İntoksikasiya, petexial səpgilər, tərləmə, qarında ağrı və ishal KRVİ-nin əlamətlərinə aiddir.
Xəstəliyin müalicəsi ağırlıq dərəcəsindən asılıdır. Profilaktika məqsədilə xəstələnən şəxslərlə təmas mümkün qədər məhdudlaşdırılır.
Respirator virus infeksiyalarının profilaktikası üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək immuniteti gücləndirmək önəmlidir. İmmunitet orqanizmi bakteriya və viruslardan qoruyur.