Mədəkiçiltmə əməliyyatı sadə bir arıqlama proseduru deyil -Açıqlama

Elə xəstələr var ölə bilər


“Bu əməliyyat piylənmənin, artıq çəkinin müalicəsində effektiv cərrahi bir metoddur, uyğun xəstələrdə icra edilməlidir və xəstənin arıqlamasına çox ciddi şəkildə fayda verir”



  Son illər ölkəmizdə mədəkiçiltmə əməliyyatı sanki bir dəb halını alıb. Əvvəllər artıq çəkidən qurtulmaq istəyən bir çox insanlar pəhriz saxlayıb, idman salonlarına gedirdisə, indi əksəriyyət daha “rahat” üsula – mədəkiçiltmə əməliyyatına üz tutur.
  Sosial media hesabında bariatrik cərrahiyyənin fəsadlarından söz açan pediatr Aytən İsmayılzadə isə xanımları bu fikirdən daşındırmağa çalışıb: “Xanımlar,  dəyərinizi bilin. Yeyib-içib kökəlib, sonra da bıçağı verirsiz  cərraha ki, "Al mənim mədəmi kəs tulla, al bu da üstündə  neçə min pul".
Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək”.
  Mədəkiçiltmə  əməliyyatının bir növ  intihar  olduğunu  vurğulayan həkim deyib ki,  kökəlməyə səbəb mədənin böyük olması deyil. Problem bizim zehnimizdədir: “Heç bircə hüceyrə yarada bilmədiyimiz halda, o boyda vacib  orqanı tikə para edib atırıq zibilə. Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Sadəcə az yeyib arıqlayaq deyə, bədənin nizamlı balansını pozmaq olarmı? Mədə sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr  buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədə kəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir.  Və bu dəyişən orqan artıq mədə olmur”. 
  Bu əməliyyatı icra edən həkimlərin artıq çəkidən əziyyət çəkən insanlar üçün tibbi göstəriş olduğunu qeyd etməsinə gəldikdə isə pediatr deyib ki, piylənmənin dizlər, ürək, təzyiq, şəkərli diabet kimi  və s. problemlərə səbəb olması da bu əməliyyat üçün əsas olmamalıdır: “Artıq çəki bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sovrula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir. Vicdanı olan həkimlər toppuş xanımları şikəst etməməlidir”. 

  Terapevt-qastroenteroloq Sevindik Arazov isə “Sherg.az”a açıqlamasında mədəkiçiltmə əməliyyatının zərərli olması ilə bağlı deyilənlərin “qara piar” olduğunu deyib.  Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatı piylənmədən əziyyət çəkən insanların artıq çəkidən azad olması üçün həyata keçirilən  tibbi bir prosedurdur: 
“Bədən kütlə indeksi 40 kq/m2-dan artıq olanda  bu şəxsin idmanla, pəhriz saxlayıb ispanaq yeməklə arıqlaması mümkün deyil. Bədən kütlə indeksi 35 kq/m2-dan yüksək olan, üstəgəl, şəkərli diabeti, təzyiqi varsa, yenə də mədəkiçiltmə əməliyyatı şərtdir. 
Onu deyim ki, hər adamı da mədəkiçiltmə əməliyyatına götürmürlər. Bunun üçün xüsusi göstəricilər və protokol  var.   Bütün cərrahi əməliyyatlar kimi, mədəkiçiltmə əməliyyatına girməzdən öncə xəstələr ehtiyatlı olmalı, müəyyən analizlərdən və müayinələrdən keçməlidir”.

  Əməliyyatın fəsadlarına gəkdikdə isə S.Arazovun bunun qaçılmaz olduğunu deyib. Qastroenteroloq  əlavə edib ki, sadəcə bizdə deyil, bütün dünyada həyata keçirilən mədəkiçiltmə əməliyyatlarında xəstədən və orqanizmdən asılı olaraq müəyyən risklər olur:
“Amma bəzən xəstələrin həyatını xilas etmək, ömrünü bir neçə il daha uzatmaq üçün bu riskə getmək lazım olur. Qeyd etdiyim kimi, mədəkiçiltmə əməliyyatı sadə bir arıqlama proseduru deyil.  Bu əməliyyat piylənmənin, artıq çəkinin müalicəsində effektiv cərrahi bir metoddur, uyğun xəstələrdə icra edilməlidir və xəstənin arıqlamasına çox ciddi şəkildə fayda sağlamaqdadır.  Lakin digər əməliyyatlarda olduğu kimi bariatrik cərrahiyyədə də  ciddi fəsadlardan sonra ölüm riski var. Məsələn, əməliyyat zamanı kəsilən piyin qan damarına düşməsi, xəstənin trombaliyadan dünyasını dəyişməsi də mümkün haldır.
  Bir şeyi nəzərə almalıyıq ki, söhbət piylənmədən əziyyət çəkən insanların əməliyyatından gedirsə, burada ölüm faktoru və digər fəsadların müşahidə edilməsi digər cərrahi əməliyyatlarla müqayisədə daha artıq ola bilər. Artıq çəki və ya piylənmə yüksək qan təzyiqi, şəkər, insult, xərçəng və ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarındandır axı. Bu qədər yanaşı xəstəliyi olan insanların mədəkiçiltmə əməliyatından sonra  “anadangəlmə” olmasını gözləmək  də düzgün deyil. Biz sadəcə, bu insanların qalan həyatını  ağrısız və nisbətən daha rahat yaşaması üçün mədəkiçiltmə əməliyyatına göstəriş veririk”.