Qaraciyəri təmizləyir, ən xeyirli hissəsi onun toxumlarıdır

Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər

Qanqal həm xalq, həm də ənənəvi tibbdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur. 
Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.
XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olunub.
"Sherg.az" xəbər verir ki,  bu barədəhəkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. O bildirib ki,  qanqalda zəngin silimarin maddəsi var:

 "Bu maddə qanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. Öd və qaraciyərdən qaynaqlanan dəri ləkələri zamanı qanqal yeyilməsi məsləhət görülür. Vitamin və minerallarla zəngin olduğuna və yeni qan yaratdığına görə uşaqların da yeməsi xeyirlidir. Bundan başqa qanqal böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı böyük fayda verir.
 Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər,  düzbağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur".

Həkimin sözlərinə görə, yazın əvvəlində yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən alaqanqalın şirəli özəyini isə böyükdən kiçiyə hamı xoşlayır: "Onu dibindən kəsib, bıçaqla tikanlarını təmizlədikdən sonra qabığını soyub yeyirlər. O qədər də dadlı olmasa da, çox faydalıdır.
 Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.
Qanqal bitkisi tikanlı olsa da, insan orqanizminə faydası böyükdür. Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğu üçün əksər insanlar ondan uzaq dursalar da, qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və istifadə edilir.
Təcrübədə sübut olunub ki, qanqal yemək temperaturu aşağı salır, bədəndə yaranan sinir ağrılarını azaldır. Yarpaq­larını qaynadıb, suyuna bal qatıb içmək isə malyariya xəstə­liyində xeyirlidir. Qanqalın immun sistemi xəstəlikləri üçün də faydaları var.
Bitki damar tutulması səbəbilə yaranan xəstəliklərdə də təsirli vasitədir. Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər.
Qanqal dəmləməsi müxtəlif dəri xəstəlikləri zamanı istifadə edilir, cizvə və sızanaqlardan qurtulmaöa kömək edir".