Günümüzdə bir çoxunun baş bəlasna çevrilmiş artıq çəki və köklük probleminin əsas səbəblərindən biri nizamsız, qeyri-sağlam qidalanmadır. Qida mütəxəssisləri, diyetoloqlar artıq çəkidən xilas olmağın yolunu məhz sağlam qidalanmada göstərir.
Mütəxəssislər qeyd edir ki, artıq çəki problemi məhz Ramazan ayından sonra da baş qaldıra bilir. Çünki 1 ay ərzində az qidalanma, günün bəlli saatlarında yeməkdən, qidadan imtina zərərli bakteriyaların orqanizmdən xaric olması, toplanmış yağların yanması, piy qatının əriməsi ilə nəticələnir. Damarlar təmizlənir. Orqanizmdə vitaminlərə, yağ, zülal, karbohidrat ehtiyatına ehtiyac yaranır. Ramazandan sonra nizamsız qidalndıqda isə orqanizmdə maddələr mübadiləsi yenidən pozulmağa başlayır, nəticədə kökəlmə, artıq çəki, piylənmə yenidən baş qaldırır.
Bunlar olmasın deyə, Ramazandan sonra qidalanmaya xüsusi diqqət yetirilməlidir. Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, orucluqdan sonra düzgün və sağlam qidalanma çox önəmlidir:
- Bir ay oruc tutan şəxsin dərhal Ramazandan əvvəlki qida rasionuna qayıtması orqanizmdə xoşagəlməz hallara səbəb olacaq. Ona görə də 1 ay oruc tutduqdan sonra əvvəlki qidalanma rejimini yavaş-yavaş, ehtiyatla bərpa etmək lazımdır. Mədəni birdən-birə yükləmək olmaz. Xüsusilə də doymamış yağlarla, süni şəkərlə zəngin qidalardan uzun müddət uzaq durmaq lazımdır. Qidalanma zamanı təamları qarışdırılmamalı və ardıcıllığına əməl edilməlidir. Orucluqdan sonra az-az, kiçik porsiyalarla qidalanmaq məsləhətdir. Gərək süfrədən doymamış qalxasan. Süfrədən doyub qalxanda artıq həzm sistemi pozulur. Köp, mədəaltı vəzinin yüklənməsi, qaraciyərin piylənməsi, ürək qan-damar sistemi problemlərinin ortaya çıxması başlayır. Səhər yeməyində mütləq az miqdarda ağartı məhsulları yeyilməli, mümkünsə un məmulatlarından imtina edilməlidir. Ancaq kəpəkli, tam buğda və ya tam çovdar çörəyi məsləhətdir. Onlar rahat həzm olunur, liflərlə zəngin olduğu üçün bağırsaq florasına müsbət təsir göstərir. Belə çörəklər rahat həzm oluna bilir. Çay yaxşı olar ki, şəkərsiz içilsin. Yenə də, ramazanda olduğu kimi liflərlə zəngin ərzaq və qidalara, zeytun, xurma, əncir qurusuna üstünıük verilməlidir. Nahar və şam zamanı da şorba, sulu, yüngül yeməklər, tərəvəz salatları olmalıdır. Rəngli, qazlı içkilərdən nəinki Ramazanda və ondan sonra,ümumiyətlə, hər zaman imtina edilməlidir.