Əsasən kişilərdə rast gəlinən ağ ciyər xərçəngi son zamanlar qadınlarda da yayılmağa başlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, türkiyəli professor Alpər Avcı qadınlarda rast gəlinən xəstəliklər sırasında ağ ciyər xərçənginin 4-cü pilləyə yerləşdiyini deyib. Professor bunun səbəblərini açıqlayıb. Professor bildirib ki, qadınların ağ ciyər xərçənginə tutulma səbəbi ilk növbədə siqaret aludəçiliyidir. “Ölkəmizdə siqaret çəkən qadınların sayında xeyli artım var. Bu da ağ ciyər xərçəngini tətikləyir. Xüsusən siqaret bağlılığı olan qadınlarda ağ ciyər xərçənginə tutulma riski çox böyükdür və hər keçən gün bu təhlükə daha da artır. Bu vaxtadək daha çox kişilər ağ ciyər xərçənginə tutulurdu. İndi qadınlar arasında da bu xəstəlik artıb”, söyləyən A.Avcı bu günlərdə bir xəstənin ağ ciyərinin sol payının əməliyyatla kəsilərək çıxarıldığını deyib. Və əlavə edib ki, əməliyyat edilən xəstə qadındır. “Xəstəmiz siqaret çəkən biri olub. Özünün dediyinə görə, 30 ilə yaxındır siqaret çəkirmiş. Öskürək və boğulmadan şikayət edərək xəstəxanaya gəlib. Müayinə zamanı ağ ciyərin sol payının fəaliyyətdən qaldığı müəyyən edildi. Sol payda şiş vardı, əməliyyatla şişi götürdük. Deyir ki, daha bundan sonra siqaretlə vidalaşacaq. Gərək bu vəziyyətə düşəydi, sonra? Tibb elmi yüzillərdir insanları xəbərdar edir ki, siqaret sağlamlığa ziyandır, ağ ciyərləri, damarları çökdürür, çox az adam dinləyir. Nəticədə həyatla vidalaşmalı olurlar”, söyləyən professor “bu xəstəmiz şanslı çıxdı. Ağ ciyərinin sol payını əməliyyat etdik, şişin yayıldığı limfa vəzlərini də təmizlədik, indi onkoloji müalicəsi davam edir”, - deyib.