Orqanizmdə baş verən dəyişikliklər səbəbsiz deyil. Burada daxildəki müxtəlif xəstəliklər də rol oynayır, gündəlik qidalanma da. Bəzi ərzaqlar hətta dəridə ləkələr əmələ gətirə bilir. Üzdə, dəridə ləkələr artırsa, dəridə quruluq varsa, dəriniz qopub tökülürsə, saçlarınız tez-tez yağlanır və ya kəpək yaranırsa, bu, orqanizmdə A vitamini çatışmazlığıyla bağlı ola bilər. A vitamini çatışmazlığı immun sistemi də zəiflədir və xəstəliklərə yol açır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər bu cür neqativ hallardan xilas olmağın yollarını göstərir. Orqanizmi A vitamini ilə bəsləmək üçün bu vitaminlə zəngin qidalara üstünlük verilməlidir. Məsələn, kök A vitmamini ilə zəngindir. Kök görmə qabiliyyətinə müsbət təsir edir, immun sistemi də gücləndirir. Şirin kartof həzmi yaxşılaşdırır, enerji verir, artıq çəkidən xilas olmağa kömək edir. İspanaq da A vitamini və dəmirlə zəngin tərəvəzdir. Vitamin çatışmazlığını aradan qaldırmaqda ispanaq ən yaxşı vasitələrdən biridir. Yumurta isə yüksək proteinə malik olduğundan toxluq hissi verir və çəkinin nəzarətdə saxlanmasına yardım edir. Yumurta A vitamini çatışmazlığını aradan qaldırır. Balıq və dəniz məhsulları da A vitamini qaynağıdır. Hər bir insan mütləq vaxtaşırı balıq və dəniz məhsulları ilə qidalanmalıdır. A vitamini çatışmazlığı aradan qalxdıqda orqanizm güclənir, dəri də təmizlənir, parıltısı artır, dəridəki quruluq da aradan qalxır.