İnfeksionist-həkim: Bu virusa yoluxanlar isə xəstəliyi yüngül keçirir

Naməlum variantlar da daxil olmaqla, geniş spektrli koronaviruslardan qorumaq potensialına malik yeni vaksin hazırlanıb.                                                              
 Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, peyvənd immunitet sisteminə müxtəlif növ koronaviruslar arasında paylaşılan zülalları hədəf almağı öyrədir. Siçanlarda sınaqdan keçirilən eksperimental vaksin, potensial pandemiya virusu ortaya çıxmazdan əvvəl peyvəndlərin istehsala hazır hala gətirildiyi “proaktiv vaksinologiya”ya doğru strategiyanın dəyişdiyini göstərir.
Peyvənd kiçik nanohissəciklərə müxtəlif koronaviruslardan zərərsiz zülalları əlavə etməklə hazırlanır, sonra isə viruslar orqanizmi zəbt etdiyi təqdirdə müdafiəni aktivləşdirmək üçün bədənə yeridilir. Ona görə də peyvəndin təmin etdiyi qoruma son dərəcə genişdir və onu eyni ailədəki bütün məlum və naməlum viruslara qarşı effektiv edir.
"Biz nisbətən sadə peyvəndin bir sıra müxtəlif viruslara qarşı cavab verə biləcəyini göstərdik. Bu, bizi pandemiya ortaya çıxmazdan əvvəl artıq peyvəndi istehsal etmək məqsədimizə doğru bir addım irəli aparır", - Kembric Universitetinin tədqiqatçısı Rori Hills deyib. Siçanlar üzərində aparılan sınaqlar peyvəndin 2003-cü ildə SARS epidemiyasına səbəb olan patogen "Sars-Cov-1" də daxil olmaqla, koronaviruslara qarşı geniş immun reaksiya yaratdığını göstərdi.
Bundan sonrakı araşdırmalar peyvəndin insanlarda təhlükəsiz və təsirli olduğunu aşkarlamağa yönələcək.                                                                                                                
 Sual yaranır ki, bir peyvəndlə koronovirusun bütün növlərindən qorunmaq mümkün olacaq? Ümumiyyətlə, Azərbaycanda koronovirusla bağlı son vəziyyət necədir?

Məsələyə münasibət bildirən infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, ölkədə vəziyyət stabildir:

"Hazırda problem yoxdur. Bu virusa yoluxanlar isə xəstəliyi yüngül keçirir. Vəziyyət artıq özünü statistik göstəricilərdə də bir daha sübut edir. Belə bir vaksinin hazırlanmasına gəldikdə isə bu istiqamətdə atılan addım uğurlu hesab etmək olar. Həmin vaksinlə bütün koronovirusun ştamları ilə mübarizə aparmaq olar. Ancaq gələcəkdə yaranan yeni virus növlərinə necə təsir edəcəyi sual altındadır".