Bol maye qəbul edilməlidir
“Qızdırma 38,5 C°ni keçərsə, baş və qoltuqaltı nahiyələrə mələfəyə bükülmüş buz qoyula bilər”
Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir
“Termorequlyasiyaya nəzarət beyində yerləşən hipotalamus tərəfindən həyata keçirilir. Normada bədən temperaturu 36 - 37⁰C olmalıdır. Amma gün ərzində hipotalamus dəridə olan reseptorlarla əlaqəyə girərək, soyuq, isti, stress və digər faktorlar termorequlyasiyaya təsir edir”. Bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova deyib.
Pediatrın sözlərinə görə, hərarət homeostazın, yəni orqan və sistemlərin daxili mühitinin sabitliyinin əsas göstəricilərindən biridir və diaqnoz qoymaq üçün spesifik simptom deyil: “Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Onu patogen mikrofloraya qarşı orqanizmin cavab reaksiyası kimi də qiymətləndirmək olar. Mikrobların təsiri nəticəsində orqanizmin immun sisteminin fəaliyyətə keçməsi və temperaturun yüksəlməsi baş verir. Bu zaman həmin mikroblara qarşı xüsusi növ hüceyrələr yaranır. Qeyd etmək istərdim ki, ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır”.
A.Adıgözəlova tövsiyə edib ki, uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk olaraq uşağın ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır:
“Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur. Digər tərəfdən, əgər 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir. Məlumdur ki, iki cür temperatur reaksiyası var. Əgər istilikyaranma ilə istilikvermə arasında balans qorunursa, “çəhrayı” qızdırma yaranır. Bu zaman dəri örtüyünün isti, nəm, bir qədər hiperemik olması müşahidə olunur. Ümumi vəziyyəti kafi, ürək döyüntüsü və tənəffüsün sayı hərarətə mütənasib olur. Bu növ qızdırma insan həyatı üçün təhlükəli sayılmır. Əgər mərkəzi sinir sisteminin zədələnməsi ilə qızdırma müşahidə olunursa, periferik damarlarda daralma gedir və istilikyaranma və istilikvermə arasında balans pozulursa, “ağ qızdırma” yaranır. Bu zaman dəri avazımış, mərmərşəkilli, ağız ətrafı sianoz, ətrafların soyuq olması halı müşahidə olunur. “Ağ qızdırma” daha təhlükəlidir və dərhal nəzarətə alınmalıdır.
Pediatrın sözlərinə görə, yenidoğulmuşlarda termorequlyasiya bir qədər fərqlidir. 2-3 yaşa qədər təkcə termorequlyasiya deyil, bədənin bütün sistemlərində formalaşma baş verir: “Bu, keçid dövrü kimi xarakterizə olunur. Bu zaman əlverişsiz mühit asanlıqla temperatur reaksiyası yarada bilir. Bəzən infeksion proses bitdikdən sonra da qızdırma bir müddət davam edir. Yenidoğulmuşlarda, xüsusilə yarımçıq yeni doğulmuşlarda ilk 2-3 ay ərzində yüksək hərarət qeyd oluna bilər. Qeyri-düzgün qulluq zamanı bədənin həddən artıq isidilməsi, bədən çəkisinin və suyun itkisi nəticəsində də temperatur yüksəlir. Bu zaman uşağa bol maye verilməsi onun temperaturunu normallaşdıra bilər”.
Həkim qeyd edib ki, termometrin göstəricisindən asılı olmayaraq, əgər uşaq özünü pis hiss edərsə, uşaqda qazanılan, ya da anadangəlmə hər hansı xroniki xəstəliyi olarsa, keçmişdə uşaqda qıcolma qeyd olunmuşdursa, hərarəti salmaq tövsiyə olunur. Əgər uşaq özünü yaxşı hiss edir və onda heç bir narahatlıq yoxdursa, iştahası normaldırsa və temperaturu 38.0⁰ C yuxarı qalxmırsa, bu zaman qızdırmanı salmağa ehtiyac yoxdur:
“Bilməyiniz vacibdir ki, temperatur 38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir. İmmunitet sistemi tərəfindən orqanizmdə bioloji aktiv maddələrin kütləvi istehsalı 38,5 və ya daha yüksək olduqda başlayır. Qeyd edim ki, hər yaş qrupunun özünəməxsus dərman preparatları mövcuddur. Uşaqlara dərman təyinatı hər çəkiyə və yaşa uyğun hesablanır. Bu zaman xəstəliyin gedişatı və əks göstərişləri də nəzərə alınır. Digər tərəfdən, temperatura təsir edən əsas səbəbi aradan qaldırmaq lazımdır. Günvurma, bədənin isinməsi hallarında bədəni normal temperatur mühitinə qaytarmaq, bədəni soyutmaq lazımdır. Xroniki iltihab ocaqları varsa, mütləq sanasiya olunmalıdır. Həmçinin stomatoloq, LOR və cərrahın konsultasiyası tövsiyə olunur”.
Terapevt Sübhan Hacıyev isə deyib ki, uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir. Həkimin sözlərinə görə, temperaturla yox, onu yaradan səbəblə mübarizə aparmaq lazımdır:
“Hərarətin yüksəlməsi - orqanizmin təbii müdafiə reaksiyasıdır. Bədən hərarəti yüksəldiyi zaman orqanizmdə interferon və anticisimlər əmələ gələrək bakteriya və virus törədicilərinin çoxalmasının qarşısını alaraq onlarla mübarizə aparır.
Qızdırma zamanı təşvişə düşmədən yataq rejiminə keçilməlidir. Bol maye (3L) qəbul edilməlidir. Qızdırma 38,5 C°ni keçərsə, baş və qoltuqaltı nahiyələrə mələfəyə bükülmüş buz qoyula bilər. Uşağı qalın geyindirib yorğanla bürümək və s. olmaz. Həkimə müraciət etmədən, özbaşına antibiotik vermək də olmaz”.
Həkimin sözlərinə görə, uşaqların immun sisteminin möhkəm olması üçün peyvəndləri vaxtlı-vaxtında vurdurmaq, onların vaxtında yatmalarına, sağlam qidalanmalarına və bol-bol təmiz hava qəbul etmələrinə ciddi şəkildə nəzarət etmək lazımdır. Açıq havada vaxt keçirmək uşaqlar üçün sadəcə əyləncə deyil, həm də sağlamlıqdır. Araşdırmalara görə, həftədə 13 saat (günə 2 saatdan az) açıq havada olmağın uşaqların fiziki və mental sağlamlıqlarına hədsiz dərəcədə faydaları var.