Türkiyədə Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə qarşı peyvəndin istehsalında dünyada ilk dəfə olaraq Faza-1 mərhələsi yekunlaşaraq Faza-2 mərhələsinə keçilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, “Türkovac” vaksininin müəllifi olan Erciyes Universiteti indi də Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə qarşı peyvəndin istehsalında daha bir uğura imza atıb. Erciyes Universiteti nəzdində çalışmalarına davam edən və “Türkovac” vaksininin müəllifi professor doktor Aykut Özdarəndəlinin rəhbərliyi altında Peyvənd Araşdırmaları Mərkəzində tədqiqatlar fasiləsiz davam etdirilir. Tədqiqatların davam etməsi üçün professor doktor Fatih Altun Peyvənd Araşdırma və Tədqiqat İnstitutunun təsis edildiyini bildirib. Məlumdur ki, havaların istiləşməsi temperaturun yüksək olduğu bəzi bölgələrdə gənə sancmalarının sayını da artırıb və bu səbəbdən ölüm halları da yaşana bilir. Gənə sancmaları Krım-Kongo Qanamalı Qızdırma xəstəliyinə səbəb olur. Rektor qeyd edib ki, gənə sancmalarına qarşı peyvəndin hazırlanmasında mühüm irəliləyişlər əldə edilib. Yaxın zamanda yeni vaksin dünyaya elan ediləcək və bəşəriyyətin istifadəsinə veriləcək. Vaksin üzərində işlər demək olar ki, tamamlanmaq üzrədir. Faza-2 mərhələsi başa çatdıqdan sonra vaksinin faydası, təsiri könüllülər üzərində test ediləcək.