Bi gecədə minlərlə həşərat yeyirlər
ABŞ-də aparılan yeni araşdırmaya görə, böcəkləri yeyərək ekosistemlərdə tarazlığın qorunmasında mühüm rol oynayan yarasaların populyasiyasının azalması körpə ölümlərini artırır.
Sherg.az xəbər verir ki, yeni bir araşdırma, ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntılara yenisini əlavə edib.
Araşdırmalara görə, biz yarasaların varlığından yox, yoxluğundan qorxmalıyıq. Araşdırma nəticəsində ABŞ-də yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib.
Yarasalar bir çox insana qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında mühüm rol oynayırlar.
Tək bir yarasa hər gecə minlərlə həşərat yeyərək tarlalarda pestisidlərə olan ehtiyacı xeyli azaldır.
Digər tərəfdən, ABŞ-də yarasa populyasiyası təxminən 20 ildir ağ burun sindromu adlı xəstəliklə mübarizə aparır.
Təxminən 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya gətirildiyi güman edilən "Pseudogymnoascus destructans" göbələyinin yaratdığı xəstəlik insanlara təsir etmir, ancaq yarasaları öldürə bilir.
ABŞ-nin 40 və Kanadanın 9 əyalətində görünən bu göbələk koloniyaya sirayət etdikdə bütün qrupu məhv etmək gücünə malikdir.
Çikaqo Universitetinin ekoloji iqtisadçısı Dr. Eyal Frank təəccüblü bir araşdırma aparıb və yarasa populyasiyasının azalması ilə körpə ölümü arasındakı əlaqəni ortaya çıxarıb.
“Science” jurnalında dərc edilən araşdırmada, 2006-2017-ci illər arasında yarasa populyasiyalarının azaldığı bölgələrdə pestisidlərin istifadəsinin 31 faiz artdığı qeyd edilib.
Pestisidlərin hava və su ilə qarışa biləcəyi və insan sağlamlığına təsir göstərə biləcəyi biliklərinə əsaslanaraq, Dr. Frank bu maddələrdən istifadənin artdığı bölgələrdə uşaq ölüm nisbətlərini digərləri ilə müqayisə edib.
Bildirilib ki, ağ burun sindromu nəticəsində yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadənin artması nəticəsində uşaq ölümləri 8 faiz artıb. Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.
Tədqiqatçılar ölümlərə başqa səbəb olmadığından əmin olmaq üçün narkotiklər, valideyn işsizliyi, geni dəyişdirilmiş bitkilər və hava kimi amilləri də nəzərə alıblar. Lakin bu ölümləri yarasa populyasiyasının azalmasından başqa heç nə ilə əlaqələndirə bilməyiblər.
"Vashinqton Post" qəzetinə yeni araşdırması haqqında danışan Dr. Frank deyir: "Yarasalar uzaq durmağı üstün tutduğumuz, lakin ekosistemlərdə həqiqətən təsirli rol oynayan bir növün gözəl nümunəsidir".
Dr. Frankın iştirak etdiyi başqa bir araşdırma Hindistanda qarğaların ölümü, çürüyən heyvan cəmdəklərinin suyu çirkləndirdiyini və vəhşi təbiətdə itlərin sayının artmasına səbəb olduğunu, xəstəliyin və quduzluğun yayılmasına və ən azı 500 min insanın ölümünə səbəb olduğunu ortaya çıxarıb.
Beynəlxalq Yarasaların Mühafizəsi Təşkilatından Dr. Winifred Frick, iştirak etmədiyi araşdırmanın məlumatlarını görəndə "əndişələndiyini" söyləyib.
“New York Times” qəzetinə verdiyi açıqlamada heyvanların dəyərli “ekosistem xidməti” təqdim etdiyini söyləyən Dr. Frick əlavə edir:
Biz bu xidmətləri az qiymətləndiririk, çünki biz onları çox vaxt ölçə bilmirik.
Tədqiqatda iştirak etməyən digər elm adamları bəzi çatışmazlıqları qeyd edərək, tapıntıların təəccüblü, lakin etibarlı olduğunu söyləyirlər.
British Columbia Universitetindən ətraf mühit üzrə iqtisadçı Dr. Frederik Noack qeyd edir ki, körpələrin pestisidlərə necə məruz qalması və doğum çəkisi kimi sağlamlığa başqa hansı təsirlərin baş verməsi kimi suallar cavabsız qalır.
Bard Kollecinin Dr. Felicia Keesing birbaşa məlumat əldə etmək üçün sahə tədqiqatlarının aparılmasının lazım olduğunu deyir və əlavə edir:
Əsas məlumatları görmədən bu əlaqələri dəstəkləyən sübutların gücünü qiymətləndirə bilmərəm, lakin burada edilən təxminlər insanı heyrətləndirir.
Dr. Keesing həmçinin deyir ki, tapıntılar hamını mühafizə səylərini gücləndirmək üçün səfərbər etməlidir:
Bu araşdırma yarasaların nəslinin tükənməsinin nəticələrindən yalnız bir neçəsini əhatə edir və yarasalar itirdiyimiz növlərdən yalnız biridir.