Professor: Özbaşına aktiv-bioloji maddələrin qəbulu tragik sonluqla nəticələnə bilər

Son vaxtlarda uşaqlarda boy artımına kömək etdiyi iddia edilən dərman və qida əlavələrinin sayı artıb. Artıq bir müddətdir ki, Bakıda əhalinin sıx olduğu yerlərdə boyun uzanmasına kömək etdiyi bildirilən dərmanlar reklam edilir. Reklam lövhələrində yazılanlardan belə başa düşmək olar ki, övladını hündürboylu görmək istəyən valideyn bu dərmanı uşağına verə bilər. Belə təəssürat yaranır ki, dərmandan istifadə tam təhlükəsizdir və onun heç bir ziyanı yoxdur.
Maraqlıdır, bu dərmanlar doğrudan da boy uzanmasına kömək edirmi? Həmin preperatların hansısa ziyanı var?

Suallarımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a deyib ki, dünya səhiyyə sisteminin reyestrinə daxil olan istər dərman preparatları, istərsə də bioloji aktiv qida əlavələrini həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil:

''Xüsusi ilə boy və orqanizmə müdaxilə ilə müşayiət olan prosseslərdə diqqətli olmaq lazımdır. Qeyd edim ki, artıq Qərb təbabəti sisteminə keçilib. Burada ali təhsilli həkim-dietoloqlar var. Bu isə ayrıca bir ixtisasdır. Ümumiyyətlə günümüzdə özünü dietoloq adlandıranlar çox, ixtisasını yaxşı bilən həkim isə azdır. Ona görə də boy artımı ilə bağlı həkim-dietoloqlarla və endokrinoloqla məsləhətləşmək lazımdır. Ümumiyyətlə, prossesə nəzarət etmək üçün həmin insan dinamik müşahidə altında olmalıdır. Nəzərə almaq lazımdır ki, boyunun artmasını istəyənlərin çoxu gənclərdir. Bu səbəbdən onların qormonal, hormonal balansına nəzarət ciddi olmalıdır. Çünki həmin şəxslər gələcəkdə kəskin problemlərlə üzləşə bilərlər. Hesab edirəm ki, kiminsə tövsiyyəsi ilə həkim nəzarəti olmadan, özbaşına bu cür preparatların və aktiv-bioloji maddələrin qəbulu tragik sonluqla nəticələnə bilər".